RU

Yerini kimlər tutub, əziz bacım? – Qənirə Paşayeva üçün rekviyem

Yerini kimlər tutub, əziz bacım? – Qənirə Paşayeva üçün rekviyem

Bu gün qarşıma bir şəkil çıxdı. Adi bir rəsmi şəkildir. Milli Məclisdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüş. Hamı yan-yana düzülüb, gülümsəyir, protokol qaydasındadır. İlk baxışda hər şey normal görünür. Amma şəkilə bir az diqqətlə baxanda nəsə çatmır.

Gözüm birini axtarır. Türkiyə ilə bağlı görüşlərdə həmişə görünən birini. Türkiyə deyəndə gözləri parlayan birini. Adını deməyə ehtiyac da yoxdur. Çünki sən də oxuyarkən, onun adını pıçıldayırsan. Amma bu dəfə o yoxdur. Bəli, Qənirə Paşayeva yoxdur. Elə bil şəkildən bir can çıxıb. Elə bil onsuz şəkilin canı çıxıb.

Qənirə Paşayeva bu cür görüşlərdə təsadüfi adam deyildi. Türkiyə mövzusu olanda danışan, mövqe qoyan, ürəkdən söz deyən insan idi. İndi isə onun yerində başqa simalar var. Türklükdən, türk dünyasından danışanda səsi çıxmayan deputatlar. Adları daha çox başqa mövzularla gündəmə gələn adamlar.

Qənirə Paşayevanın yerində kimlər dayanıb? Səttar Möhbalıyev. İllərdir adı korrupsiya, qalmaqal, narazılıqlarla hallanan deputat. Türkiyə ilə dostluqdan nə anlayışı var, nə də bu xətt üçün bir əməli işi.

Yanında Ağalar Vəliyev. Azərbaycanda haqqında deyilənlər bəs deyilmiş kimi, indi də Türkiyə ilə görüşlərdə “qardaşlıq siması” kimi təqdim olunur. Türkçülük onun üçün ideya yox, şəkil fonudur, bir də buradakı biznesini oraya daşımaq üçün təqdimat.

Və bütün bunların üstündə bir də Əhliman Əmiraslanov var. Türkiyə ilə dostluq qrupuna rəhbərlik edir. Niyə? Türkiyə ilə real siyasi, ideoloji bağlarına görə? Yox. Sadəcə öz çevrəsini, rumka yoldaşlarını, şot verənlərini xarici görüşlərə daşımaq üçün.

Məsələ Qənirə Paşayevanın yoxluğunda deyil təkcə. Məsələ onun yerini kimlərin tutmasındadır. O gedib, yer boş qalıb və bu boşluğa uyğun olmayan adamlar doluşub. Ona görə də şəkil bu qədər narahat edir.

Qənirə Paşayeva kimi adamlar gedəndə də meydan boş qalır. Meydan boş qalanda isə Səttarlar, Ağalarlar, Əhlimanlar ön sıraya keçir. Şəkil də elə bunu göstərir.

Yerin çox görünür, Qənirə xanım. Məkanın cənnət olsun, əziz bacım.

ATABƏY

Избранный
19
afn.az

1Источники