Meksikada yaşayan Miriam Rodríguezin hekayəsi təkcə bir ananın faciəsi deyil, həm də cinayətkarlıq və cəzasızlıqla mübarizənin simvoluna çevrilib.
Milli.Az xəbər verir ki, hadisə 2012-ci ildə Tamaulipas ştatında baş verib.
Miriam Rodríguezin qızı Karen Alejandra silahlı cinayətkarlar tərəfindən oğurlanıb. Aylarla davam edən axtarışlara baxmayaraq, hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi səbəbindən nəticə əldə olunmayıb. Bu vəziyyət Miriamı öz araşdırmasına başlamağa vadar edib.
Məlumata görə, Miriam Rodríguez qızını tapmaq üçün saxta adlardan istifadə edib, özünü müxtəlif peşə sahibləri kimi təqdim edərək təhlükəli bölgələrə gedib və cinayətkar qrupların izinə düşüb. Onun şəxsi araşdırmaları nəticəsində qızının oğurlanmasında iştirak edən şəxslər müəyyənləşdirilib və ən azı 10 nəfərin saxlanılmasına nail olunub.
Sonradan Karen Alejandranın həyatını itirdiyi və qalıqlarının tapıldığı məlum olub. Buna baxmayaraq, Miriam mübarizəni dayandırmayıb. O, San Fernando bölgəsində itkin düşən şəxslərin ailələrini birləşdirən təşəbbüs qrupunda fəal iştirak edib və digər valideynlərə övladlarını axtarmaqda köməklik göstərib.
Miriam Rodríguez bu fəaliyyəti dövründə dəfələrlə ölümlə hədələnib. Lakin o, geri çəkilməyib və mübarizəsini davam etdirib.
2017-ci il mayın 10-da, Meksikada Analar Günündə Miriam Rodríguez evinin qarşısında naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib. Onun ölümü ölkədə və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.
Miriam Rodríguez bu gün Meksikada itkin düşən övladlarını axtaran minlərlə ailə üçün cəsarət və dirəniş rəmzi kimi xatırlanır. Onun hekayəsi bir daha göstərdi ki, bir ananın səsi belə bəzən susdurulmuş həqiqətləri üzə çıxara bilir.
Kənan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)