RU

Asya Tağıyeva fenomeni: Unudulmuş alətin nəfəsi, böyük sənət məktəbi

Bu gün Azərbaycanımızın, eləcə də bütün Türk dünyamızın əsil sənət fədailərindən biri sayıla bilən, Azərbaycanın Əməkdar artisti Asya xanım Tağıyevanın doğum günüdür. Asya xanım adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazmağı bacaran çox böyük sənətkarlarımızdandır. O, zəngin mədəni irsimizin musiqi elementlərindən birini özündə şərtləndirən, amma yüzillər əvvəl Azərbaycan coğrafiyasında tamamilə unudulmuş qanun (kanon) alətimizi ötən əsrin ortalarında musiqi tariximizə qaytarıb.
Asya xanım bununla kifayətlənməyib. Yüksək ləyaqət və şərəflə gözəl sənətinin cəfasını çəkərək böyük bir məktəb, əvəzedilməz, qiymətli irs yaradıb.

Azərbaycanın ilk peşəkar qanun ifaçısı

Asya Tağıyevanın sənət yolu İrəvanda başlayıb, lakin onun peşəkar musiqiçi kimi formalaşması və qanun alətini mənimsəməsi Azərbaycan musiqi mədəniyyəti üçün həlledici əhəmiyyət kəsb edib. O, 1954-cü ildə musiqi məktəbində qanun alətini görüb və bu alətə vurulub. Məhz onun sayəsində bu unudulmuş, lakin milli köklərimizlə bağlı alət yenidən səhnələrə qayıdıb.
1959-cu il Azərbaycan musiqi tarixində əlamətdar hadisə ilə yadda qalıb: Asya xanımın ifasında "Bayatı-Şiraz" və "Çahargah" muğamları ilk dəfə olaraq vala yazılıb. Bu, qanunun təkrarən böyük musiqimizə qovuşmasının rəmzi idi.

Məktəb yaradan sənətkar

Bu gün Azərbaycanda gördüyümüz, dinlədiyimiz bütün qanun ifaçılarının var olmasında Asya xanımın haqqının, zəkasının, zehniyyətinin izləri var. Çünki bu sahədə tədris yaradan, təhsil verən ilk və yeganə pedaqoq məhz o olub. O, 45 ildən artıq sənət fəaliyyəti dövründə çoxsaylı tələbələr yetişdirib, 1988-1989-cu illərdə pedaqoji fəaliyyətlə məşğul olub. İndi də bu işi onun yetirmələri, yetirmələrinin tələbələri şərəflə davam etdirir.

Asya xanım nadir ifaçılardan biri idi ki, məhz onun ifa tərzinə görə yeni məxsusi əsərlər yazılırdı. Təkcə onun zəngin yaradıcılığındakı "Bayatı şirazın", "Çahargahın" və bir sıra möhtəşəm əsərlərin elə möhtəşəm ifası kifayət edərdi ki, o ən yüksək adlara, mükafatlara layiq görülsün.

Təvazökarlıq və örnək həyat

Zamanında rəhmətlik Asya xanım çox təvazökar insan, sənətkar olub. Bu təvazökarlıq onun gözəl qızı, ailənizdə hər zaman "ruh doğmamız" deyərək müraciət etdiyiniz Zülfiyyə xanımda da davam edir.
Asya xanımın qoyub getdiyi zəngin irs daha yüksək səviyyədə öyrənilməli, təhlil edilməli və təbliğ edilməlidir. Onun şərəfli həyat, ömür yoluna bələd olanlar yaxşı başa düşər ki, bu həyat həm də insanlara örnəkdir. Bu yolda ən gözəl filmlər çəkmək, romanlar, povestlər yazmaq olar. Və bunu gerçəkləşdirmək lazımdır, vacibdir!
Ömür boyu yüksək sənətinin namusunu ləyaqətlə çəkən böyük SƏNƏTKAR Asya Tağıyeva həyatının son anında da canını Allaha tapşıra-tapşıra, musiqi dünyamıza, mədəniyyətimizə, incəsənətimizə bir dünya qoyub gedən, ən əsası isə var olmağı ilə insanlığa töhfələr verən o incə barmaqları ilə qanunundan halallıq aldı.

Mən bu yazımı bizə böyük bir məktəb qoyub gedən, çox zəngin və qiymətli bir irs yaratmış əsil sənət fədaisinin uca ruhuna ehtiramımı bildirmək, onun işığını sənətsevərlərimizlə paylaşmaq, yaşatmaq üçün yazdım. Bu mənim vəfa borcum ifi. Əlbəttə korifey sənətkarımız hər gün, hər zaman daha gözəlinə layiqdir.

İsgəndər Sərdarlı İrəvani.

Araşdırmaçı tətbiqi sənət ustası.

Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
41
olaylar.az

1Источники