RU

Yaşar Onay: “Daha dinc Yaxın Şərq” ritorikası strateji maraqlara xidmət edir

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pentaqonun yeni strategiyası Yaxın Şərqdə yükü müttəfiqlərə ötürür

ABŞ-nin Yaxın Şərq siyasəti son illərdə forma etibarilə dəyişsə də, mahiyyət baxımından davamlılıq nümayiş etdirir. Yanvarın 23-də Pentaqonun dərc etdiyi yeni Milli Müdafiə Strategiyası da bu yanaşmanın yenilənmiş çərçivəsini ortaya qoyur. Sənəddə ərəb dövlətləri İrana qarşı daha fəal səfərbərlik siyasəti yürütməyə, İsrailin özünümüdafiəsini dəstəkləməyə və bu ölkə ilə regional inteqrasiyanı gücləndirməyə çağırılır. ABŞ Yaxın Şərqdə daha dinc və firavan mühitin formalaşdırılmasını hədəf kimi təqdim etsə də, bu transformasiyanı əsasən regiondakı müttəfiqlər və tərəfdaşların həyata keçirə biləcəyi vurğulanır. 

İstanbul Universiteti Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professoru, türk politoloq Yaşar Onay Sherg.az-a açıqlamasında Vaşinqtonun balans yaratmaq iddiasında olduğunu, sözügedən balansın isə hələ də ABŞ-nin prioritetləri ətrafında formalaşdığını söyləyib: 

"ABŞ-nin yeni Milli Müdafiə Strategiyası Yaxın Şərqə dair artıq tanış olan yanaşmanın daha cilalanmış, lakin mahiyyətcə dəyişməyən versiyasını ortaya qoyur. Bir tərəfdən ərəb dövlətlərinə İranla daha fəal münasibətlər qurmaq çağırışı edilir, digər tərəfdən isə İsrailin təhlükəsizliyi mərkəzə alınır və regional inteqrasiya təşviq olunur. Bu yanaşma Vaşinqtonun balans yaratmaq iddiasını əks etdirsə də, sözügedən balans hələ də ABŞ-nin prioritetləri ətrafında formalaşır". 

Politoloq söyləyib ki, Yanvarın 23-də Pentaqonun dərc etdiyi sənədə nəzər saldıqda, ABŞ-nin bölgədə birbaşa yük daşımaq istəmədiyi aydın görünür: 

"Məsuliyyəti müttəfiqlərin üzərinə ötürən, özünü isə daha çox istiqamət verən və çərçivə müəyyən edən aktor kimi mövqeləndirən yanaşma diqqət çəkir. “Daha dinc və firavan Yaxın Şərq” ritorikası cazibədar səslənsə də, bu praktikada ABŞ-nin strateji maraqları ilə uzlaşan regional nizam axtarışıdır. Tramp dövründə atılmış diplomatik addımlara edilən vurğu da təsadüfi deyil. Bu, ABŞ-nin bölgədə kəskin qopuşdan çox, mövcud xətti daha institusional zəmin üzərində möhkəmləndirmək niyyətində olduğunu göstərir. Nəticə etibarilə, bu sənədi Yaxın Şərqdə yükün bölüşdürüldüyü, lakin istiqaməti Vaşinqtonun müəyyən etdiyi, nəzarətli transformasiya cəhdi kimi görürəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
sherg.az

1Источники