RU

İşçilərin maaşını vermədiyi deyilən məşhur restoran sahibi SAXLANILDI

"Grill House" restoranının iki aydır 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət olunmuşdu. Şikayətçilər bildirirdilər ki, icarədar məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki, qeyd edilən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb:

"Həmin şəxs 38 yaşlı O.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. İşçiləri narahat edən halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür".

***08:54

Baku TV-nin qaynar xəttinə "Grill House" restoranının iki aydır 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət daxil olub.

Şikayətçilər bildiriblər ki, icarədar məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.

"İki aydır ki, əməkhaqqımız verilmir. Bu da azmış kimi bizi 200 manat maaş verilməsi şərti ilə yarımştat olaraq işə alıblar. Dünəndən rəsmi olaraq restoranın müqaviləsi başqa adama keçib. Buna görə də bizi zorla işdən çıxarıblar", - şikayətçi Nuridə Bayramlı söyləyib.

Digər bir narazı şəxs - Musa Hacızadə isə qeyd edib: "Bizi işlədən adamla əlaqə saxlamağa çalışırıq, amma ortaya çıxmır. Pis vəziyyətdə qalmışıq".

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, onlara bu şikayət üzrə hər hansı məlumat daxil olmayıb.

Əlavə olaraq o da vurğulanıb ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Belə hallar aşkar edildikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət edilməsi tövsiyə olunur.

Избранный
48
1
far.az

10Источники