RU

Xal fərqi 4 oldu e, 4... – həyəcan təbilinin yox, orkestrinin vaxtıdı!

Qurban Qurbanov “Liverpul”la oyunu düşünərək “Kəpəz”in önünə eksperimental heyət buraxdı və ...yanıldı. Hoca yalnız hesab 0:2 olandan sonra Cəfərquliyev, Yankoviç, Duran və Andradeyə şans verdi ki, onda da gec idi. Mənə elə gəlir ki, nə qədər gizlətməyə çalışsalar da, bu, ağdamlılar üçün planlaşdırılmayan xal itkisi idi. Hətta mayda – hər xal qızıl dəyərinə minəndə “Qarabağ” camiəsi bu oyundakı eksperimentə görə başına-gözünə döysə, şəxsən mən zərrəcə təəccüblənməyəcəm. Özü yıxılan ağlamaz!
Litvadan gələn intellektual - əlbəttə, Valdas Dambrauskası nəzərdə tuturam – belə şansdan, yəni “Qarabağ”la xal fərqini artırmaq imkanından yararlanmaya bilməzdi. Baxıram, sosial şəbəkələrdə “Sabah”ın “Karvan-Yevlax”ın qapısından keçirdiyi qollarda şübhəli məqam, hakim səhvi axtaran çoxdu. Məncə, dəyməz, buna vaxt sərf etməyin. Masazırdakı meydanı rinqə bənzətsək, küncdə dayananlar fərqli çəki dərəcəsindən olan boksçular idi. “Sabah” hakim dəstəyi olmadan da bu rəqibi tapdalayıb keçməyə qadirdi və keçdi də!
Artıq “Qarabağ” düşərgəsində həyəcan təbili çalmağın, xəyala dalmağın əsl vaxtıdı. Arada 4 xal fərqi var və bu “Sabah” bu gün də, sabah da qarşısıalınmaz görünür. Kim nə deyir-desin, iki cəbhədə döyüşən “Qarabağ”a “bayquşlar”ı zirvədən salmaq çətin olacaq. İnşallah, ağdamlılar pley-offa vəsiqə qazanacaq və orda özündən daha güclü komanda ilə daha iki oyun keçirəcək. Deməli, fevralda da çempion üçün gərgin qrafik davam edəcək. Təbii, Qurban Qurbanov təcrübəli mütəxəssisdi, Azərbaycan çempionatının cikini də bilir, bikini də, onlarla Dambrauskas yola salıb, heç şübhəsiz, əlinin altında və ya beynində B, C variantları da var. Amma söhbət sırf çempionluq mübarizəsindən gedirsə, bu gün onun komandası adına heç bir sevindirici məqan yoxdu. Aradakı iki dueldə 4 xal fərqini aradan qaldırmaq imkanından başqa.
“Azərbaycan futbolu üçün “Sabah”ın, yoxsa “Qarabağ”ın çempionluğu önəmlidi”sualı isə tam başqa yazının mövzusudu ki, irəlidə bununla bağlı düşüncələri bölüşmək üçün yetərincə vaxtımız olacaq.
ORXAN

Избранный
44
football-plus.az

1Источники