RU

Pistorius: Tramp bu sözlərinə görə üzr istəməlidir

BAKI, 26 yanvar. TELEQRAF

Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı əməliyyatda NATO müttəfiqlərinin rolunu kiçiltməsi ilə bağlı üzr istəməlidir və bu, ləyaqət nümunəsi olardı.

Teleqraf xəbər verir ki, Pistorius bu fikri Almaniyanın ARD televiziya kanalının efirində səsləndirib.

Onun sözlərinə görə, Trampın həlak olmuş hərbçilərin ailələrindən üzr istəməsi “ləyaqətin, hörmətin və uzaqgörənliyin göstəricisi” ola bilərdi. Bununla belə, Almaniya müdafiə naziri belə bir addımı ABŞ Prezidentindən gözləmədiyini də vurğulayıb.

“Hamımız ABŞ prezidentinin necə davrandığını yaxşı bilirik”, – deyə Pistorius bildirib.

Nazir qeyd edib ki, o, Amerika xalqının nailiyyətlərinə və ABŞ-nin son 70 il ərzində Almaniya üçün müttəfiq olmasına böyük hörmət bəsləyir, lakin hörmət qarşılıqlı olmalıdır. Onun fikrincə, Trampın həlak olmuş müttəfiqlər barədə danışıq tərzi “sadəcə ədəbsiz və hörmətsizdir”.

Pistorius, bu məsələni ABŞ müdafiə naziri Pit Hegset ilə müzakirə edib-etməyəcəyi sualına cavab olaraq bildirib ki, onunla ilk görüşdə bu mövzuya toxunacaq.

Xatırladaq ki, Tramp daha əvvəl Fox News telekanalına müsahibəsində Qərbi Avropa ölkələrinin Əfqanıstandakı hərbi kampaniyada rolunu kiçildərək, avropalı müttəfiqlərin qoşunlarının “ön cəbhədən kənarda qaldığını” iddia etmişdi.

Избранный
64
teleqraf.com

1Источники