RU

Sahibkarlıq sahəsində 1 il yoxlama olmayacaq? 

Son dövrlər sahibkarlar arasında belə bir fikir geniş yayılıb ki, guya sahibkarlıq sahəsində yoxlamalar bir il müddətinə tamamilə dayandırılıb, dövlət orqanları yalnız elektron sistemlər üzərindən nəzarət aparır və hər hansı uyğunsuzluq aşkar edilərsə, yalnız bundan sonra obyektə gələrək yerində yoxlama həyata keçirilir. Bu yanaşma ilk baxışdan məntiqli görünsə də, mövcud qanunvericilik bu məsələni bir qədər fərqli və daha sərt çərçivədə tənzimləyir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində yoxlamaların hüquqi əsasları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunla müəyyən edilir:

“Həmin qanuna əsasən, sahibkarlıq subyektlərinə münasibətdə dövlət orqanları tərəfindən aparılan yoxlamalar ümumi qaydada dayandırılıb və bu dayandırma uzun illərdir qüvvədədir.

Əkrəm Həsənov

Qanunun məqsədi sahibkarların əsassız inzibati müdaxilələrdən qorunması, biznes mühitinin liberallaşdırılması və iqtisadi fəallığın stimullaşdırılmasıdır.

Bu baxımdan, dövlət orqanlarının planlı və ya qəfil şəkildə obyektlərdə yoxlama aparması qanunla qadağan olunur. Bununla belə, qanun yoxlamaların tamamilə istisnasız şəkildə ləğv edildiyini demir. Vergi yoxlamaları, cinayət işi çərçivəsində aparılan araşdırmalar, eləcə də insan həyatına, sağlamlığına və dövlət təhlükəsizliyinə real təhlükə yaradan hallar bu qadağaya aid edilmir. Yalnız bu hallarda sahibkarlıq subyektinin fəaliyyətinə nəzarət tədbirləri həyata keçirilə bilər. Qanunda açıq şəkildə göstərilir ki, bu istisnalardan kənar aparılan yoxlamalar hüquqi nəticə doğurmur və qanunsuz hesab edilir”.

Əkrəm Həsənovun sözlərinə görə, ictimaiyyətdə tez-tez səsləndirilən “elektron yoxlama” anlayışı isə qanunvericilikdə müstəqil yoxlama növü kimi nəzərdə tutulmayıb:

“Dövlət orqanlarının elektron sistemlər üzərindən məlumatları təhlil etməsi, hesabatları müqayisə etməsi və riskləri qiymətləndirməsi texniki nəzarət mexanizmi hesab olunur. Bu proses avtomatik olaraq sahibkara qarşı yoxlama aparıldığı mənasına gəlmir. Əgər elektron məlumatların təhlili əsasında obyektə gələrək yerində yoxlama aparılırsa, bu artıq qanunun “yoxlama” anlayışına daxildir və yalnız qanunla icazə verilən istisna hallarda mümkündür. Əks halda, yoxlamanın elektron əsasla başlanması belə onu qanuni etmir. Sahibkarlıq sahəsində yoxlamalarla bağlı qanun kifayət qədər aydın və birmənalıdır. Onun sözlərinə görə, qanunda “elektron yoxlama” anlayışı ayrıca hüquqi institut kimi mövcud deyil və istənilən formada sahibkarın fəaliyyətinə müdaxilə yoxlama hesab olunur. Əgər bu müdaxilə qanunda göstərilən istisnalara əsaslanmırsa, həmin yoxlama qanunsuzdur və sahibkarın buna tabe olmaq məcburiyyəti yoxdur. Praktikada problem daha çox sahibkarların öz hüquqlarını bilməməsi ilə bağlıdır və bir çox hallarda qanunsuz yoxlamalara etiraz edilmədən razılıq verilir”.

Tunar

Избранный
53
nocomment.az

1Источники