RU

Azərbaycandan Böyük Britaniyaya BALIQ MƏHSULLARI İXRAC EDİLƏCƏK

Respublikamızdan balıq məhsullarının Böyük Britaniyaya ixracına icazənin əldə olunması məqsədilə qalıq maddələrinə nəzarət planları Britaniyanın səlahiyyətli qurumuna təqdim edilib. Britaniya tərəfi planların qiymətləndirməsini artıq yekunlaşdırıb və onların tələblərə tam uyğun olduğunu bildirib. Hazırda sənədlər rəsmi qərarqəbuletmə mərhələsindədir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Agentliyin sədr müavini Əziz Şərifov səsləndirib.

Ötən il 1 milyon tona yaxın bitkiçilik məhsulları ixrac olunub

AQTA-nın sədr müavini Əziz Şərifov ixrac olunan qida məhsulları ilə bağlı statistik göstəriciləri də açıqlayıb. O bildirib ki, aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq hazırda Azərbaycandan dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsulların ixracı həyata keçirilir. 2025-ci il ərzində idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla, təxminən 1 milyon tona yaxın bitkiçilik məhsulu, 30 min ton və 103 milyon ədəddən artıq heyvan mənşəli məhsul, eləcə də 28 min tona yaxın müxtəlif növ emal olunmuş qida məhsulunun beynəlxalq standartların tələblərinə uyğun şəkildə nəzarəti təmin edilərək ixracı təşkil olunub. Bitkiçilik məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23 faizdən çox artaraq rekord göstəriciyə çatıb. Bu çərçivədə idxalçı ölkələrin tələblərinə uyğunlaşdırılmaqla 187,5 min ton xurma məhsulunun ixracı həyata keçirilib. Görülən işlərin nəticəsi olaraq 2025-ci ildə akvakulturada yetişdirilən balıq məhsulları dünyanın bir sıra ölkələrinə ixrac olunub. Ölkəmiz quş qripi xəstəliyindən azad statusa malik olub və bunun nəticəsidir ki, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra ölkələrə, ümumilikdə  90 milyondan çox ərzaqlıq yumurta ixrac olunub.

Yaqut Ağaşahqızı “İki sahil”

Избранный
68
1
ikisahil.az

2Источники