RU

Bu küçələrdə yerləşən evlərlə bağlı XƏBƏRDARLIQ edildi

Paytaxtın bəzi ərazilərində tikililər qeyri-qanuni olaraq mühafizə zolağında, magistral içməli və tullantı su xətlərinin üzərində tikilib. Həmin xətlər istismar müddətinin bitməsi səbəbindən, ya da üzərində qanunsuz inşa edilən tikililərin ağırlığından sıradan çıxır.

Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. 

Biləcəri qəsəbəsi, Tomris və Zeytun küçələrində kollektorun üzərində evlər tikildiyinə və sakinlərin konstruksiyasını zədələyərək fərdi kanalizasiya təchizatlarını magistral xəttə qoşduqlarına görə yararsız hala düşən xətt İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yenisi ilə əvəzlənir.

Kanalizasiya təsərrüfatının mövcud vəziyyəti barədə sakinlərə öncədən xəbərdarlıq edilib. Onlara bildirilib ki, su təchizatı və kanalizasiya sistemlərinin mühafizə ərazisində, boruların üzərində tikililərin olması böyük təhlükələrə yol açır. Belə vəziyyətdə yüklənmə nəticəsində həm təchizat sistemi sıradan çıxar, həm də evlərə ziyan dəyər.

Hazırda yararsız hala düşən tullantı su kollektorunun yeri dəyişdirilir. Yeni xətt Atropat, Tomris, Atilla, Kəhriz və Yaşar Sadıqov küçələrinin müəyyən hissələrini əhatə edir.

Diametri 1000 mm olan qəzalı kollektorun əvəzinə yeni magistral xəttin çəkilməsi işləri çərçivəsində uzunluğu 1152 metr yeni tullantı su xətti inşa edilir. Hazırda xəttin 1068 metr hissəsi çəkilib.

Layihəyə uyğun olaraq 22 ədəd quyu nəzərdə tutulub. Onlardan 14 ədədi tikilib. Eyni zamanda, layihə çərçivəsinə 2304 metr abonent xətti çəkilir.

Ərazidə ümumi funksionallığı təmin etmək üçün diametri 300 mm olan boru ilə 1050 metr kanalizasiya kollektorunun inşası da nəzərdə tutulub.

Xatırladaq ki, Tomris küçəsində 2025-ci il dekabrın 16-da fərdi yaşayış evinin bünövrəsi çökmüşdü. Həmin vaxt çökmüş kollektor sisteminin yenisi ilə əvəz edilməsi istiqamətində işlərin görüldüyü barədə məlumat verilmişdi.

Yasamal rayonu, Həbib bəy Səlimov küçəsində evlər su xəttinin üzərində inşa olunub. Yüklənmə nəticəsində qəzalı vəziyyət yarandığı üçün 48 metr yeni xətt çəkilərək istismara verilib.

Tullantı su xəttinin üzərində tikili olan daha bir ünvan Nərimanov rayonu, Şahin Mustafayev küçəsidir. Küçədən keçən mövcud kanalizasiya xəttində qəza baş verib. Qəzalı hissə fərdi yaşayış evinin altında qaldığına görə xəttin bərpası mümkün olmayıb. Bu səbəbdən yeni xəttin çəkilməsi məcburiyyəti yaranıb. Ərazinin torpaq örtüyü qaya daşlarından ibarət olduğuna görə xüsusi texnika cəlb edilib. İşlər yaxın günlərdə yekunlaşdırılacaq. 

Избранный
65
5
olke.az

10Источники