RU

Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində çoxsaylı görüşləri ölkəmizə olan marağın göstəricisidir RƏY

Bakı, 26 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda keçirilən tədbirlərdə iştirakı Azərbaycanın beynəlxalq iqtisadi və geosiyasi mövqelərinin möhkəmləndirilməsi baxımından kifayət qədər uğurlu səfər kimi dəyərləndirilir. Davos İqtisadi Forumu mahiyyət etibarilə iqtisadi platforma olsa da, qlobal miqyasda geosiyasi proseslərin formalaşmasında da mühüm rol oynayır. Məhz bu baxımdan Davosda keçirilən görüşlərin məzmununa diqqət yetirdikdə, Azərbaycanın yaxın perspektiv üçün planlaşdırılan iqtisadi inkişaf strategiyası və bu strategiyanın üzərində qurulan geosiyasi xətti aydın şəkildə görmək mümkündür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, Davos İqtisadi Forumu digər beynəlxalq tədbirlərdə olduğu kimi, Prezident İlham Əliyevin çoxsaylı ikitərəfli və çoxtərəfli görüşləri ilə yadda qalıb. Bu görüşlərin əksəriyyəti qarşı tərəflərin təşəbbüsü və təkidli xahişi ilə baş tutub. Bu fakt Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan xüsusi marağın göstəricisidir.

“Hazırda dünyanın aparıcı transmilli şirkətləri yeni biznes layihələrini müəyyənləşdirərkən Azərbaycanın imkanlarını və strateji mövqeyini nəzərə almağa çalışırlar. Görüşlər zamanı investisiya mühiti, rəqəmsal iqtisadiyyatın inkişafı, enerji təhlükəsizliyi, logistika və beynəlxalq yükdaşımalar kimi mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb. Bu sahələr böyük biznes layihələrinin əsas komponentləri kimi çıxış edir və Avrasiya qitəsi üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın enerji layihələrində əldə etdiyi uğurlar, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində oynadığı strateji rol beynəlxalq şirkətlərin ölkəmizə marağını daha da artırır. Bu layihələrin Azərbaycanda uğurla icra olunması, eyni zamanda, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsini təmin edir və iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır”, - deyə deputat bildirib.

Azər Allahverənov Prezident İlham Əliyevin Davos səfəri çərçivəsində Azərbaycanın ABŞ-ın Sülh Şurası Nizamnaməsinə qoşulmasının da xüsusi əhəmiyyət daşıyan addım olduğuna diqqət çəkərək deyib: “Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr fonunda BMT-nin uzun illər ərzində səmərəli və təsirli siyasət ortaya qoya bilmədiyinin şahidi olmuşuq. Xüsusilə Qarabağın 30 ilə yaxın işğal altında qaldığı dövrdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasız qalması bunu açıq şəkildə sübut edib. Yalnız Azərbaycanın öz siyasi iradəsi, gücü və qətiyyəti nəticəsində ərazi bütövlüyü təmin olunub və torpaqlar işğaldan azad edilib. Sülh Şurası Nizamnaməsinin əsas missiyasının münaqişələrin həllində iştirak və sonrakı mərhələdə sülh quruculuğuna töhfə vermək olduğunu nəzərə alsaq, Azərbaycanın bu proseslərdə zəngin təcrübəyə malik olması olduqca önəmlidir. Bu təcrübə ölkəmizin beynəlxalq sülh təşəbbüslərində daha fəal rol almasına imkan yaradır və Azərbaycanın qlobal təhlükəsizlik və sabitlik məsələlərində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir”.

Избранный
33
azertag.az

1Источники