RU

Azərbaycanın artan regional nüfuzu: İsrail XİN rəhbərinin səfəri və geosiyasi balanslar - ŞƏRH

Bakı, 26 yanvar, AZƏRTAC

İsrailin xarici işlər naziri Gideon Saarın Bakıya rəsmi səfəri Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərq geosiyasətində artan siyasi və iqtisadi çəkisinin növbəti təsdiqi kimi qiymətləndirilir. Bu səfər regional və qlobal güclər – İran, Türkiyə və ABŞ kontekstində xüsusi diqqət çəkir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan–İsrail əlaqələri klassik ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq mərhələsinə yüksəlib.

“Enerji, müdafiə sənayesi, yüksək texnologiyalar, kənd təsərrüfatı və su resursları sahəsində əməkdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir. İsrail XİN rəhbərinin Bakıya geniş nümayəndə heyəti ilə səfəri tərəflərin uzunmüddətli əməkdaşlıq niyyətindən xəbər verir. Bu fonda Azərbaycan özünü etibarlı, proqnozlaşdırılan və balanslı tərəfdaş kimi təqdim edir ki, bu da Yaxın Şərq kimi həssas region üçün mühüm amildir. İsrail–Azərbaycan münasibətlərinin inkişafı İran tərəfindən diqqətlə izlənilir. Azərbaycan isə bu məsələdə balanslaşdırılmış xarici siyasət xəttini qoruyur. Bakı dəfələrlə bəyan edib ki, onun ərazisi heç bir ölkəyə qarşı istifadə oluna bilməz. Bu yanaşma Azərbaycanın regional gərginliklərdə tərəf deyil, dialoq tərəfdarı olduğunu nümayiş etdirir. Məhz bu balanslı mövqe Azərbaycanın həm İsraillə, həm də İranla münasibətlərini paralel şəkildə idarə edə bilməsinə imkan yaradır və ölkənin diplomatik manevr imkanlarını genişləndirir. Azərbaycan–Türkiyə münasibətləri müttəfiqlik səviyyəsindədir. Türkiyənin İsraillə münasibətlərində normallaşma meyilləri fonunda Azərbaycan təmas nöqtəsi və körpü rolunu oynaya bilən nadir aktorlardandır. Bakı həm Ankara, həm də Təl-Əvivlə yüksək etimad mühitinə malikdir. Bu kontekst Azərbaycanın regionda sabitlik və əməkdaşlıq platforması kimi mövqeyini gücləndirir və iqtisadi layihələr üçün yeni imkanlar yaradır”, - deyə deputat əlavə edib.

Arzu Nağıyev əlavə edib ki, Vaşinqton üçün Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik baxımından mühüm tərəfdaşdır: “İsrail XİN rəhbərinin Bakıya səfəri ABŞ tərəfindən də müsbət siqnal kimi dəyərləndirilir. Çünki bu əməkdaşlıq Qərbin Yaxın Şərqdə və Cənubi Qafqazda maraqlarına uyğun olaraq sabit və rasional aktorların rolunu artırır. Azərbaycanın çoxtərəfli diplomatiyası ABŞ-la strateji dialoqun davamlılığını təmin edən əsas faktorlardandır. Gideon Saarın Bakı səfəri bir daha göstərir ki, Azərbaycan artıq təkcə regional deyil, Yaxın Şərq və Avrasiya geosiyasətində təsir imkanları genişlənən mühüm oyunçudur. Balanslı xarici siyasət, iqtisadi diplomatiya və strateji tərəfdaşlıqlar ölkənin nüfuzunu artırmaqla yanaşı, onu regional sabitliyin formalaşmasında açar aktorlardan birinə çevirir”.

Избранный
54
azertag.az

1Источники