RU

ABŞ bu ölkəyə 4 hidrogen bombası atdı - gizli əməliyyatın təfərrüatl

Qrenlandiya hazırda qlobal diqqət mərkəzindədir. ABŞ prezidenti Donald Tramp adaya yenidən diqqət yönəldib. Lakin tarixə daha dərindən nəzər salsaq, görərik ki, dünyanın ən böyük adasına Amerikanın marağı son zamanlar baş verən hadisə deyil. 1950-ci illərdən bəri orada ABŞ hərbi hava qüvvələrinin bazası mövcud olub. Hətta 1968-ci ildə Qrenlandiya sahillərində baş verən hadisə az qala nüvə fəlakətinə səbəb olacaqmış.

II dünya müharibəsindən sonra məlum olub ki, Qrenlandiya strateji ərazidir, çünki SSRİ-dən ABŞ-yə təyyarə və raketlər üçün ən qısa yol, sualtı qayıqlar üçün isə marşrutdur. ABŞ hərbi bazaları Qrenlandiya və İslandiyada yaradılıb. 1968-ci ildə isə dörd hidrogen bombası daşıyan Amerika hərbi təyyarəsi Qrenlandiyada qəzaya uğrayıb.

be26d1a3-7fb1-4cef-891e-a3aa30b56e6c.jpeg

Təxminən eyni vaxtda, Qrenlandiya buzlağının içərisində 200 nəfərlik yeraltı hərbi şəhərcik inşa edilib və qitələrarası ballistik raketlər üçün şaxtaların tikilməsi planlaşdırılıb. Məlum olub ki, buzlaq çox sürətlə hərəkət edir və tunellərin hər iki ildən bir yenilənməsi lazım olub, ona görə də yaşayış məntəqəsi tərk edilib.

İtirilmiş dörd hidrogen bombası ilə bağlı hadisə isə onilliklər boyu gizli saxlanılıb. Bu, yalnız 1990-cı illərdə ictimaiyyətə məlum olub. Nəticədə Danimarkada mətbuat tərəfindən “Thulegate” adlandırılan siyasi qalmaqala səbəb olub.

Fəlakətin xronologiyası

Məxfilikdən çıxarılan sənədlər və dəlillər, vəziyyət fərqli olsaydı, dünya üçün gözlənilməz nəticələrə səbəb ola biləcək bir aviasiya qəzasını təsvir edib. 21 yanvar 1968-ci ildə ABŞ hərbi hava qüvvələrinə məxsus “B-52G Stratofortress” bombardmançı təyyarəsi, “Hobo 28” çağırış nişanı ilə 24 saatlıq nüvə patrulu olan “Chrome Dome” proqramının bir hissəsi olaraq missiya həyata keçirib. O dövrdə amerikalılar SSRİ-nin Qrenlandiyanın şimalındakı Tule hava bazasına ilk nüvə zərbəsi endirəcəyinə inanıblar və buna görə də belə patrullar təşkil ediblər.

4279b695-8981-4f3c-9115-ea832375f653.jpeg

Təyyarədə dörd “B28” hidrogen (termonüvə) bombası olub. Tule hava bazasına yaxınlaşarkən yeddi nəfərlik heyət yük bölməsində yanğın hiss edib. Daha sonra bunun nasaz istilik sistemindən qaynaqlandığı məlum olub. Bir neçə dəqiqə ərzində vəziyyət idarəolunmaz hala gəlib. Kapitan Con Hoq Tule aerodromuna təcili eniş etmək üçün icazə istəsə də, vaxta az qalıb. Təyyarə o qədər tüstü ilə örtülüb ki, cihazların görmək mümkün olmayıb. Hoq təyyarənin heyətinin katapult etməsi əmrini verib. Altı heyət üzvü sağ qalıb, lakin biri xilas ola bilməyib.

İdarəetmədən çıxan “B-52” bombardmançı təyyarəsi, Tule hava bazasının uçuş-enmə zolağından 12 km aralıda, “Şimal ulduzu” körfəzinin (Storfjord) buzuna çırpılıb. Zərbə nəticəsində təyyarənin gövdəsi və qanadları minlərlə fraqmentə parçalanıb. Lakin əsas problem qalıqlar deyil, yük - dörd hidrogen bombası olub. Xoşbəxtlikdən, nüvə partlayışı baş verməyib. 

Buna baxmayaraq, radioaktiv materiallar - plutonium, tritium, uran buz və suyun üzərinə səpələnib.

fa6f3abe-e827-49aa-882d-7f8de8cf2d7c.jpeg

Bu, mümkün hərbi və siyasi nəticələri olan ekoloji fəlakət olub: SSRİ hadisəni öz ərazisinə hücum etmək üçün uğursuz cəhd hesab edə bilərdi. Amerika və Danimarka xidmətləri dərhal nəticələrin aradan qaldırılmasına başlayıb. Qəzadan bir neçə saat sonra “Crested Ice” kod adlı genişmiqyaslı əməliyyat başladılıb. Qütb gecəsinin ekstremal şəraitində, -40°C-dən aşağı temperaturda yüzlərlə insan bombardmançı təyyarədən qalıqları və radioaktiv tullantıları toplamaq və təmizləmək üçün buzun üzərinə enib. Buz dağıdılıb və konteynerlərdə ABŞ-a göndərilib.

Əməliyyat 13 sentyabr 1968-ci ildə, sonuncu tullantı tankeri gəmiyə yüklənən kimi tamamlanıb. Ümumilikdə, təxminən 7000 kubmetr çirklənmiş qar və buz, eləcə də təyyarə qalıqları olan çoxlu sayda konteyner toplanıb.

7fd8a5ef-0f30-4b72-a339-8b6cf78fdeff.jpeg

Əlbəttə ki, əməliyyatın əsas məqsədi “B-52” təyyarəsində termonüvə silahlarını tapmaq olub. Əvvəlcə ABŞ rəsmiləri bütün nüvə silahlarının tapıldığını iddia ediblər. Lakin 1990-cı illərdə məxfiliyi açıqlanan sənədlər və əməliyyatlarda iştirak edənlərin ifadələri bunun yalan olduğunu göstərib. Əslində, yalnız üç bombanın qalıqları tapılıb və zərərsizləşdirilib. Dördüncüsü isə böyük bir gövdə parçası ilə birlikdə okeanın dibinə batıb və bu günə qədər orada qalır.

Rəsmi olaraq nüvə silahı olmayan siyasətə sadiq qalan Danimarka, Amerika uçuşlarının ona məxsus adanın hava məkanında müntəzəm olaraq həyata keçirilməsi faktı ilə Qrenlandiyadakı fəlakətin təfərrüatlarını öyrənəndə şoka düşüb. Hadisə diplomatik böhrana səbəb olub və ABŞ ilə Danimarka arasında nüvə müdafiəsi məsələlərində etimadı sarsıdıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Избранный
21
ekologiya.az

1Источники