RU

İsrail XİN rəhbərinin Bakıya səfəri: Hansı mühüm açıqlamalar verildi?

İsrail XİN rəhbəri Gideon Saar Azərbaycana səfər edib. Həmkarı Ceyhun Bayramovla birlikdə mətbuat konfransı keçirən Gideon Saar deyib ki, Azərbaycana investisiya yatırmaq istəyirik.

“2025-ci ildə 60 min israilli turist Azərbaycana səfər edib. Bu göstəricilərin 2026-cı ildə daha da artacağına ümid edirik. Azərbaycana müxtəlif sahələri əhatə edən 40 biznesmenlə gəlmişik və ölkənizə investisiya yatırmaq istəyirik.

Azərbaycan müasir, dözümlü ölkədir və hər zaman belə ölkə olub. Burada yəhudilər həmişə sülh şəraitində yaşayıb və yaşamağa davam edirlər”, – G. Saar deyib.

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov isə bildirib ki, Azərbaycan 124 İsrail şirkəti ilə əməkdaşlıq edir və bu, əməkdaşlığa güclü töhfə verir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a politoloq Turab Rzayev deyib ki, İsrail ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub:

“İldən-ilə münasibətlərimiz inkişaf edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə münasibətlərinin inkişafını və dərinliyini öz çıxışlarında dəfələrlə vurğulayıb.

Hər il yüzlərlə israilli Azərbaycana səfər edir. Eyni qaydada azərbaycanlılar İsrailə səfər edir, təhsil alır, hətta yaşayır. Hər iki ölkənin vətəndaşları bu səfərlərdə özlərini təhlükəsiz hiss edirlər. Hətta deyərdim ki, Azərbaycan yəhudilərin ən təhlükəsiz yaşadığı müsəlman ölkəsidir. Hətta 1990-cı illərdə İsrailə köçən bir çox yəhudi sonradan Azərbaycana qayıdaraq yenidən burada yaşamağa başlayıb.

Azərbaycanda mühüm və ciddi yəhudi diasporu var. Bu diaspora iki ölkə münasibətlərinin inkişafına xüsusi xidmət edir”.

“İqtisadi sahədə də münasibətlərimiz yüksək templə inkişaf edir.

Təsadüfi deyil ki, Azərbaycan 124 İsrail şirkəti ilə əməkdaşlıq edir. Əslində bu rəqəm çox şeyi ifadə edir. Ən önəmlisi isə Azərbaycanın təhlükəsiz olması israilli şirkətlərin Azərbaycana, eyni qaydada azərbaycanlı şirkətlərin də İsrailə üz tutmasına səbəb olur.

İsrail XİN rəhbəri Gideon Saarın Azərbaycana səfəri zamanı iqtisadi məsələlərə toxunması münasibətlərin hazırkı və gələcək inkişafının əyani sübutudur”, – deyə politoloq bildirib.

Atilla Rzasoy

Избранный
29
nocomment.az

1Источники