RU

Folker Türk: Holokostun xatirəsi bu günü və gələcəyi qorumaq deməkdir

Bakı, 27 yanvar, AZƏRTAC

Holokost qurbanlarının Beynəlxalq Anım Günü ərəfəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk beynəlxalq ictimaiyyətə müraciət edərək təkcə keçmiş faciəni xatırlamağın deyil, həm də bu günün çağırışları və gələcək qarşısında məsuliyyət barədə düşünməyin vacibliyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Ali komissarın sözlərinə görə, 1945-ci ilin hadisələri bu gün uzaq tarix kimi görünə bilər. Lakin hələ də sağ olan nəsillərin yaddaşında milyonlarla yəhudi və digər azlıqların nümayəndələrinin nasist rejiminin qurbanına çevrildiyi acı xatirələr yaşayır. Onların ləyaqəti tapdalanıb, təqiblərə məruz qalıblar və nəticədə “qorxunc dərəcədə sistemli şəkildə, açıq, planlı və cəzasız olaraq” məhv ediliblər.

Folker Türk bildirib ki, Holokost ölüm düşərgələrindən başlamayıb. Bu faciənin əsasını ədalətsizlik qarşısında laqeydlik, susqunluq və insanların tədricən insani keyfiyyətlərini itirməsi təşkil edib. “Hər zaman olduğu kimi bu gün də bunu unutmağa haqqımız yoxdur”, – deyə o, qeyd edib.

Ali komissar son illər yəhudilərə qarşı təhdidlərin və yəhudi icmalarına hücumların artmasından narahatlığını ifadə edib. O, Sidney və Mançesterdə baş vermiş hücumları xatırladaraq vurğulayıb ki, mediada əksini tapmayan saysız-hesabsız zorakılıq və təhqir halları da insanlara və icmalara ciddi mənəvi zərbə vurur. Nifrət və insanlıqdan kənar çıxma halları getdikcə rəqəmsal məkanda da güclənir.

Folker Türk eyni zamanda qeyd edib ki, bu gün bəşəriyyətin bu təhlükəli tendensiyalara qarşı mübarizə aparmaq üçün əvvəlkindən daha geniş imkanları var. Cəmiyyətin sərəncamında keçmişin yaddaşı, təhsil, məlumatlara çıxış və beynəlxalq hüquqla təsbit olunmuş insan hüquqları sistemi mövcuddur.

Ali komissar əlavə edib ki, istisnalılıq, üstünlük və dözümsüzlük ideyalarına ailədə, iş yerində və ya sosial şəbəkələrdə və ümumiyyətlə harada rast gəlinməsindən asılı olmayaraq, birlikdə qarşı çıxmaq lazımdır. Hər bir insan ayrı-seçkilikdən və dözümsüzlükdən uzaq bir dünyanın formalaşmasına töhfə verə bilər.

Qeyd edək ki, Holokost qurbanlarının Beynəlxalq Anım Günü hər il yanvarın 27-də qeyd olunur. Bununla bağlı qətnaməni BMT Baş Assambleyası 2005-ci il noyabrın 1-də qəbul edib. Sənədin təşəbbüskarları İsrail, Kanada, Avstraliya, Rusiya, Ukrayna və ABŞ olub, daha 90-dan çox dövlət həmmüəllif kimi çıxış edib.

Almaniyada yəhudilərə qarşı təqiblər 1933-cü ildə nasistlərin hakimiyyətə gəlişindən dərhal sonra başlayıb. Sistemli kütləvi məhvetmə isə İkinci dünya müharibəsi illərində həyata keçirilib. Əvvəlcə Mərkəzi və Şərqi Avropada gettoların yaradılması və kütləvi güllələnmələr, daha sonra isə 1941–1945-ci illərdə Auşvitz, Treblinka və Beljets kimi ölüm düşərgələrinə deportasiyalarla davam edib.

Anım gününün tarixi də təsadüfi seçilməyib. 27 yanvar 1945-ci ildə nasistlərin ən böyük ölüm düşərgəsi olan Auşvitz azad edilib. Müxtəlif hesablamalara görə, bu düşərgədə 1,5 milyondan 4 milyonadək insan həyatını itirib.

Избранный
78
1
azertag.az

2Источники