Ağ Ev rəhbəri diplomatik həllin mümkün olduğunu deyir, Vaşinqton Yaxın Şərqdə hərbi mövcudluğu artırır...
ABŞ prezidenti Donald Tramp İran ətrafında vəziyyətin hələ də qeyri-müəyyən qaldığını, lakin Tehranın danışıqlarda maraqlı olduğunu bildirib.
Poliqon xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ İrana doğru “böyük armada” göndərib. Həmin qüvvələrə bu həftə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olan, USS Abraham Lincoln aviadaşıyıcısının rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu da daxildir. Bununla yanaşı, Tramp diplomatik tənzimləmənin hələ də mümkün olduğunu vurğulayıb. “Onlar razılaşma bağlamaq istəyirlər. Mən bunu bilirəm. Onlar dəfələrlə əlaqə saxlayıblar və danışmaq istəyirlər”, — deyə prezident qeyd edib.
Axios xatırladır ki, Tramp daha əvvəl İranda etirazların sərt şəkildə yatırılması fonunda bu ölkəyə zərbə endirilməsinin mümkünlüyünü dəfələrlə dilə gətirib. Lakin yekun qərar qəbul edilməyib və prezident milli təhlükəsizlik üzrə müşavirləri ilə məsləhətləşmələri davam etdirir. Ağ Evin rəsmi mövqeyinə görə, Vaşinqton hərbi əməliyyat variantını hələ də istisna etmir.
Hazırda ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir: regiona əlavə qırıcılar, yanacaq dolduran təyyarələr və hava hücumundan müdafiə sistemləri köçürülür. Axios-un mənbələrinin bildirdiyinə görə, Pentaqon prezidentin mümkün əmrinə hazırlaşır. Eyni zamanda ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper İsraildə müdafiənin koordinasiyası və potensial birgə hərbi əməliyyatlarla bağlı məsləhətləşmələr aparıb.
Poliqon.info