RU

Lənkəranda 2,1 min nəfər işlə təmin olunub

Lənkəranda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda ŞİH-in başçısı T.Qaraşov məruzə ilə çıxış edib, 2025-ci ildə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran prioritetlər barədə məlumat verib. 

Bildirilib ki, ötən il ölkəmizin ümumi inkişafı fonunda Lənkəranın da dayanıqlı sosial-iqtisadi inkişafı davam edib, il ərzində iqtisadi göstəricilər artan templə yüksəlib. Bu dövrdə bir sıra həyat əhəmiyyətli infrastruktur layihələr icra olunub, sənayedə, kənd təsərrüfatında, tikintidə, yol-abadlıq işlərində işin həcmi artıb, yeni iş yerləri açılıb, əhalinin yaşayış səviyyəsi yaxşılaşıb. İl ərzində rayonda ümumi məhsul buraxılışının dəyəri 747,5 milyon manat təşkil edib, o cümlədən 171,2 milyon manatlıq sənaye məhsulları istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 3,3 faiz çoxdur. Sənayedə qeyri-dövlət sektorunun payı 81,4 faizə çatıb.  Hesabat ilində  2103 nəfər işlə təmin edilib.

Məruzədən bəlli oldu ki, keçən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayonda 185 sahibkarlıq subyektinə 7 milyon 627,4 min manat güzəştli kreditlər verilib. Həmçinin iqtisadiyyatın və sosial sahənin inkişafına 63 milyon manat investisiya yönəldilib ki, onun da 46 milyon 450 min manatını özəl sərmayələr təşkil edib. Ümumiyyətlə, keçən il sahibkarlığın inkişafı, yeni istehsal obyektlərinin yaradılması və yeni iş yerlərinin açılması sahəsində ardıcıl işlər aparılıb. Nəticədə ticarət dövriyyəsi artıb, əhaliyə 815,9 milyon manatlıq ticarət, 151,6 milyon manatlıq ödənişli xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət xidməti 2,1, ödənişli xidmətlər 2,2 faiz artıb. Orta aylıq əməkhaqqı isə 697,8 manata çatıb ki, bu da əvvəlki ilə nisbətən 11  faiz çoxdur.     

Lənkəranın ən böyük 2 problemi - kanalizasiya sisteminin yenilənməsi və  "zibil poliqonu"nun müasir dövrün tələblərinə cavab verən səviyyəyə gətirilməsi də artıq reallaşmaq üzrədir. Ötən il "Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması" layihəsi çərçivəsində dəyəri 50 milyon manat olan tenderin qalibi müəyyənləşib və işlərə yaxın vaxtda başlanılacaq.  "2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı"nda isə Lənkəranda bərk məişət tullantılarının idarə edilməsi layihəsi də yer alıb.

Məruzədə aqrar sahədən də ətraflı danışıldı. Bildirildi ki, ötən il rayon üzrə 222,6 milyon  manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 17,7 faiz çoxdur. 5 min 925,7 hektarda (0,6 faiz çox) əkin aparılıb. Ümumilikdə rayon üzrə ötən il 74,6 min ton tərəvəz,  4,6 min ton kartof, 5,3 min ton taxıl, 23 min ton meyvə, 395,8 ton yaşıl çay yarpağı istehsal edilib.

Vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaş müraciətlərinə baxılması istiqamətində də hesabat dövründə bir sıra addımlar atılıb. ŞİH tərəfindən ümumilikdə 10 min 338 vətəndaş qəbul edilib. Onlardan 5,2 min nəfəri ŞİH başçısı tərəfindən ayrı-ayrı yaşayış yerlərində keçirilən 45 səyyar görüş-qəbullarda iştirak edib, 186 vətəndaşın fərdi müraciəti dinlənilib.

Seyran CAVADOV,

"Azərbaycan"

Избранный
20
azerbaijan-news.az

1Источники