RU

İdarə Heyətinin sədri: İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi pilot layihəsi çərçivəsində mühüm addımlar atılıb

Bakı, 27 yanvar, AZƏRTAC

İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində ciddi işlər aparılır. Hazırda pilot layihə olaraq Bərdə rayonunda şəbəkənin optimallaşdırılması həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və gələcək hədəflər ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Bərdədə bir yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, 31 tibb məntəqəsi həkim məntəqələrinə birləşdirilib. Nəticədə Bərdə rayonu üzrə 110 kənd və rayon mərkəzi, 2 Ailə Sağlamlıq Mərkəzi, 34 həkim məntəqəsi və 18 tibb məntəqə ilə əhatə olunub.

“Artıq təhkimolunma prosesinə start verilib və bu proses təxminən 3,5 milyon nəfəri əhatə edəcək. Paralel olaraq əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır ki, bu da xidmətlərin daha düzgün planlaşdırılmasına imkan verəcək. Kadr potensialının gücləndirilməsi istiqamətində də Bərdədə 43 təlim modulu üzrə 60 ailə həkimi və 10 modul üzrə 250-dən çox tibb bacısı üçün təlimlər keçirilib. Ümumilikdə ölkə üzrə 78 Ailə Sağlamlıq Mərkəzi, 871 həkim məntəqəsi, 1168 tibb məntəqəsi və Bakıda 106 ambulator poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur”,-deyə İdarə Heyətinin sədri vurğulayıb.

Zaur Əliyev bildirib ki, həyata keçirilən bu tədbirlər ilkin səhiyyə xidmətlərinin əlçatanlığını artıracaq, xidmət keyfiyyətini yüksəldəcək və şəbəkənin optimallaşdırılmasını avtomatlaşdıracaq.

Избранный
131
8
azertag.az

10Источники