Ambulator şəraitdə dərman təminatı ilə bağlı mühüm yeniliklər açıqlanıb. Yeni mexanizm vətəndaşların dərman vasitələrinə əlçatanlığını asanlaşdırmaq və prosesdə tam şəffaflığı təmin etmək məqsədi daşıyır.Mətbuat az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev keçirdiyi mətbuat konfransında bildirib.Agentlik sədri qeyd edib ki, ambulator dərman təminatı prosesi E-Tabib, TİBEKS və Aptek modulları vasitəsilə tam rəqəmsallaşdırılır. Yeni sistemə əsasən, həkim müayinəsi zamanı yazılan reseptlər elektron formata keçirilir. Bu, dərmanın aptekdə əks olunmasından pasiyentə təhvil verilməsinə qədər bütün zənciri elektron qaydada izləməyə imkan verəcək. Konfransda sığorta çərçivəsində qarşılanacaq dərmanların "Pozitiv siyahısı"nın formalaşdırıldığı elan edilib. Siyahıya yalnız yüksək effektivliyə malik, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli dərman vasitələri daxil ediləcək. Eyni zamanda, Agentlik özəl aptek təşkilatları ilə müqavilələr bağlayaraq onları vahid idarəetmə sisteminə inteqrasiya edir. Artıq bu istiqamətdə aptek əməkdaşları üçün texniki hazırlıq və təlim mərhələlərinə başlanılıb. Zaur Əliyev vurğulayıb ki, tibbi-iqtisadi ekspertiza prosesi də elektron müstəviyə keçirilir. Ekspertiza nəticəsində formalaşan aktlar əsasında apteklərə ödənişlərin həyata keçirilməsi tam avtomatlaşdırılacaq. Bütün icra prosesinə isə Dərman Təqib İzləmə Sistemi vasitəsilə mərkəzləşdirilmiş qaydada nəzarət olunacaq.