RU

Okeanın dibində Yer üzündə heç nəyə bənzəməyən itimiş şəhər gizlənir  

Orta Atlantik silsiləsindən qərbdə, sualtı dağın zirvəsinə yaxın ərazidə parçalanmış bir landşaft yüksəlir. Bu, "itmiş şəhər" adlanan hidrotermal sahədir...

Poliqon ScienceAlert-ə istinadən xəbər verir ki, bu ərazi Atlantida massivində yerləşən qələvi dənizaltı hidrotermal mənbələr zonasını təşkil edir.

Buradakı "qüllələrin" hündürlüyü xırda formalaşmalardan tutmuş 60 metr hündürlüyündə nəhəng monolitlərə qədər dəyişir. Alimlər "itmiş şəhər"i ilk dəfə 2000-ci ildə, okean səthindən 700 metrdən çox dərinlikdə aşkar ediblər.

Bu hidrotermal sahə okeanda məlum olan ən uzunömürlü qaz çıxışı mənbəyidir. Buna bənzər başqa yer indiyədək tapılmayıb.

Araşdırmalar göstərib ki, ən azı 120 min il ərzində Yer mantiyası burada dəniz suyu ilə reaksiyaya girərək okeana hidrogen, metan və digər həll olunmuş qazlar buraxıb. Sahənin çat və yarıqlarında karbohidrogenlər oksigen olmadan belə yeni mikrob icmalarını qidalandırır.

Bu ərazidə çoxlu ilbizlər və xərçəngkimilər yaşayır. Daha iri canlılara — xərçənglər, krevetlər, dəniz kirpiləri və ilanbalıqları — nadir hallarda rast gəlinir, amma onlar da mövcuddur.

2024-cü ildə tədqiqatçılar "itmiş şəhər" hidrotermal sahəsindən çıxarılan 1268 metr uzunluğunda mantiya süxuru nüvəsi ilə rekord əldə etdiklərini açıqlayıblar. Alimlər ümid edirlər ki, bu nüvə milyardlarla il əvvəl Yer üzündə həyatın necə yarandığına dair vacib sübutlar verə bilər.

Nəşrdə qeyd olunur ki, "itmiş şəhər"in ocaqlarında yaranan karbohidrogenlər atmosferdəki karbon qazından və ya Günəş işığından formalaşmayıb — onlar dərin dəniz dibindəki kimyəvi reaksiyalar nəticəsində əmələ gəlib. Karbohidrogenlər həyatın əsas "tikinti blokları" olduğundan, bu fakt həyatın bənzər mühitdə yarana biləcəyi ehtimalını açıq saxlayır.

2018-ci ildə Smithsonian İnstitutundan mikrobioloq Uilyam Brazeltonun komandasında çalışan Anna Kusmer demişdi: "Bu, hazırda Enseladusda (Saturnun altıncı ən böyük peyki) və ya Europada (Yupiterin peyki) aktiv ola biləcək ekosistem tipinə nümunədir. Hətta keçmişdə Marsda da belə ola bilərdi".

Alimlər həmçinin müəyyən ediblər ki, "itmiş şəhər" ekosistemi sualtı vulkanik ocaqlardan fərqli olaraq maqmanın istiliyindən asılı deyil. Bu hidrotermal sahədə hidrogen və metan istehsalı 100 dəfəyə qədər çoxdur.

Tədqiqatçılar ən hündür monoliti yunan dəniz tanrısının şərəfinə Poseydon adlandırıblar. Onun hündürlüyü 60 metrdən çoxdur.

Məqalədə vurğulanır ki, bu ərazi təkcə alimlərin maraq dairəsində deyil. 2018-ci ildə Polşaya bu yerin ətrafındakı dərin dəniz hissəsində faydalı qazıntıların çıxarılması hüququ verildiyi açıqlanıb.

Hidrotermal sahənin özündə çıxarıla biləcək qiymətli resurslar yoxdur. Lakin alimlər xəbərdarlıq edirlər ki, "itmiş şəhər" ətrafının dağıdılması gözlənilməz nəticələrə səbəb ola bilər.

Tədqiqatçılar hesab edir ki, mədənçilik zamanı yaranacaq tullantılar və axıntılar bu unikal yaşayış mühitini asanlıqla məhv edə bilər. Buna görə bəzi ekspertlər “İtirilmiş şəhər”in Ümumdünya irsi siyahısına daxil edilməsinə çağırırlar.

Poliqon.info

Избранный
13
poliqon.info

1Источники