
Son günlər sosial mediada “nihilist pinqvin” adlandırılan video geniş müzakirələrə səbəb olub.
Missiya.Az xəbər verir ki, görüntülərdə pinqvinin sürüsündən ayrılaraq Antarktidanın buzlu ərazilərində təkbaşına hərəkət etməsi əks olunub. Sosial şəbəkə istifadəçiləri bu səhnəni müasir insanın tənhalığı və həyatın mənasızlığı hissi ilə əlaqələndirirlər.
Sözügedən kadrlar alman rejissoru Verner Herzoqun 2007-ci ildə çəkdiyi “Dünyanın Sonunda Görüşlər” (“Encounters at the End of the World”) adlı sənədli filmindən götürülüb. Filmdə Adeli pinqvinlərindən birinin koloniyanı tərk edərək əks istiqamətdə təkbaşına hərəkət etdiyi göstərilir və bu davranışın pinqvin üçün sağ qalma ehtimalının olduqca aşağı olduğu vurğulanır.
İllər əvvəl lentə alınmış bu səhnə sosial mediada yeni məna qazanıb. “Nihilist pinqvin” həştəqi ilə paylaşılan videolarda pinqvinin davranışı fərdi yorğunluq, daxili boşluq və müasir insanın məna axtarışı ilə əlaqələndirilir. Paylaşımlarda tez-tez rast gəlinən “Bəs niyə?” ifadəsi trendin əsas simvollarından birinə çevrilib.
Trendin təsiri sosial media platformaları ilə məhdudlaşmayıb. ABŞ-nin Ağ Evin rəsmi sosial media hesabında Prezident Donald Trampın pinqvinlə yanaşı təsvir olunduğu, süni intellekt vasitəsilə hazırlanmış vizual material paylaşılıb.
Qeyd edək ki, nihilizm insan həyatının və kainatın obyektiv mənaya malik olmadığını irəli sürən fəlsəfi yanaşmadır. Bu baxışa görə, mənəvi və sosial dəyərlər subyektiv xarakter daşıyır. Sosial media istifadəçiləri “nihilist pinqvin” obrazını da məhz bu fəlsəfi anlayışla əlaqələndirərək simvolik məna yükləyirlər.
Seyranə QuliyevaMissiya.Az