Ajans.az xəbər verir ki, bu barədə Financial Times (FT) nəşri məlumat verib. Hazırda qüvvədə olan və 2028-ci ildə müddəti başa çatan saziş İsrailə ildə ən azı 4 milyard dollar ayrılmasını nəzərdə tutur. İsrail Müdafiə Nazirliyinin baş maliyyə məsləhətçisi Gil Pinhasın sözlərinə görə, qarşıdakı həftələrdə keçirilməsi gözlənilən danışıqlarda Təl-Əviv nağd subsidiyalardan daha çox birgə hərbi və müdafiə layihələrinə üstünlük verməyi planlaşdırır. “Bu kontekstdə tərəfdaşlıq təkcə maliyyə məsələsi deyil; pula bərabər olan bir çox başqa məqamlar da var”, – deyə Pinhas bildirib. Onun sözlərinə görə, İsrailin ABŞ silahlarını almaq üçün istifadə etdiyi bir neçə milyard dollarlıq illik maliyyə dəstəyi sazişin yalnız komponentlərindən biridir. Pinhas qeyd edib ki, İsrail mövcud və gələcək birgə hərbi sistemlərin hazırlanması layihələrini həm ayrıca, həm də yeni 10 illik sazişin tərkib hissəsi kimi müzakirə etməyi planlaşdırır. Nəşrin mənbəsinin sözlərinə görə, “Siz pul yatırırsınız, onlar pul yatırırlar və nəticədə hamı qazanır”. Xatırladaq ki, Qəzzadakı müharibə səbəbindən “yeni təhlükəsizlik anlaşma memorandumu” üzrə danışıqlar bir müddət təxirə salınıb. İsrailin təklifinə əsasən, yeni saziş çərçivəsində vəsaitlərin bir hissəsi birbaşa hərbi yardım əvəzinə ABŞ–İsrail birgə tədqiqat və inkişaf layihələrinə yönəldilə bilər. Bu layihələrə müdafiə texnologiyaları, müdafiədə süni intellekt tətbiqləri və “Qızıl Günbəz” raketdən müdafiə sistemi daxil ola bilər.