RU

Bakının mərkəzini tıxacdan xilas edəcək layihələr - yeni yollar haradan keçəcək?

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu ərazisindən Sulutəpə qəsəbəsinə dairəvi avtomobil yolu çəkiləcək. Bu yol sayəsində avtomobillərin şəhərə daxil olmadan müvafiq istiqamətlərə hərəkəti təmin olunacaq. Layihə çərçivəsində Balaxanı qəsəbəsi ərazisindən keçən yol da magistrala çevrilə bilər ki, bu da nəqliyyatın daha rahat və fasiləsiz axınına şərait yaratmalıdır.

Ümumilikdə, son dövrlərdə Bakıda tıxacların aradan qaldırılması üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə bir çox böyük layihələr planlaşdırılır və icra olunur.

Bəs, tıxacların daha da azaldılması üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Day.Az‑a danışan nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirib ki, yol infrastrukturu baxımından Bakı yarımadada yerləşdiyindən yarımdairəvi sürətli yolun tamamlanması vacibdir.

"Hazırda Biləcəri-Sabunçu-Ramana istiqaməti hələ tam başa çatmayıb və bu səbəbdən şəhərə əsas trafik yükü Ziya Bünyadov prospektinə düşür. Bu yarımdairəvi yol dövlət proqramında nəzərdə tutulub və icrası sürətləndirilməlidir. Layihənin bir hissəsi 2007‑ci ildə başlanmışdı. Koroğlu-hava limanı-Mərdəkan-Buzovna-Bilgəh hissəsi 2014‑cü ildə tamamlanıb, lakin Kürdəxanı istiqamətində işlər dayandırılıb. Son illərdə layihə yenidən bərpa olunub və hazırda Pirşağı, Xırdalan, M1 və M4 istiqamətlərində davam etdirilir. Bu yol şimaldan və qərbdən gələn nəqliyyatın şəhərə daxil olmadan, 20 Yanvar dairəsini keçmədən birbaşa hava limanına çıxışını təmin edəcək. Bu, 20 Yanvar ərazisinə ciddi təsir göstərən layihələrdəndir və ilin ilk rübündə bir hissəsinin tamamlanması nəzərdə tutulur. Bundan əlavə, Biləcəri-Binəqədi-Sabunçu və Biləcəri-İçərişəhər-Dərnəgül istiqamətləri də şəhər trafikinə ümumi təsir göstərir."

Mütəxəssis tıxacların azaldılmasında mikromobillik zolaqlarının rolundan da danışıb.

Rauf Ağamirzəyev bildirib ki, mikromobillik zolaqlarının uzunluğu 47 kilometrə çatıb, paralel olaraq velosiped icarəsi və dayanacaqları təşkil olunub.

"İstifadəçilərin sayı durmadan artır, skuter və həm elektrikli, həm də adi velosipedlərdən istifadə genişlənir. Bu tip infrastrukturların yaradılması nəticəsində nəqliyyatın alternativ variantları istifadəçilər arasında daha geniş yayılır. Hal‑hazırda avtobus zolaqlarının ümumi uzunluğu 112 kilometrdir, bunun sayəsində avtobusların orta sürəti artıb və sərnişin sayı da yüksəlib - bu isə qısa müddətdə nəticə verən tədbirlərdən hesab olunur. Mövcud yollar saxlanılaraq zolaqlar yenidən təşkil olunub, transformasiya edilib və yeni reallıq formalaşmağa başlayıb."

Elvin Səxavətoğlu
Day.Az

Избранный
30
day.az

1Источники