RU

Qlobal sağlamlığın qızıl dövrü başa çatıbmı? Davos 2026-dan sağlamlıqla bağlı nəticələr

Səhiyyə mütəxəssisləri Davos 2026-da qlobal sağlamlığın gələcəyini müzakirə edərək həm ciddi riskləri, həm də yeni imkanları gündəmə gətiriblər.

E-saglam.az-ın məlumatına görə, Dünya İqtisadi Forumunda sağlamlıq yenə əsas mövzulardan biri olub və liderlər gərgin səhiyyə sistemləri fonunda profilaktika, əlçatanlıq və texnologiyanın rolunu xüsusi vurğulayıblar.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, bu əsrin ilk iki onilliyi qlobal səhiyyə üçün “qızıl dövr” hesab oluna bilər. Onun sözlərinə görə, bu dövrdə siyasi iradə, maliyyə dəstəyi və tibbi innovasiyalar sayəsində dünya bir çox istiqamətdə ciddi irəliləyiş əldə edib. Lakin son beş ildə bu yüksəliş dayanıb və yerini daha çətin bir mərhələyə verib.

Tedros xarici yardımların azalmasını həssas icmalar üçün risk kimi dəyərləndirib, eyni zamanda ölkələrin yardım asılılığından çıxaraq daxili resurslara əsaslanan sistemlər qurmasının vacibliyini vurğulayıb.

Bill Qeyts süni intellektin səhiyyədə böyük dönüş yarada biləcəyini bildirib. Onun sözlərinə görə, süni intellekt təkcə tibbi tədqiqatlarda deyil, dərmanların paylanmasında və səhiyyə işçilərinin iş yükünün azaldılmasında da mühüm rol oynaya bilər. Qeyts Fondu və OpenAI Afrika ölkələrində süni intellekt əsaslı səhiyyə layihələri üçün 50 milyon dollar dəstək ayırdıqlarını açıqlayıb.

Mütəxəssislər razılaşıblar ki, texnologiya və innovasiyalar ən çox ehtiyacı olan insanlara çatmalıdır. Qlobal Fondun icraçı direktoru Peter Sanders qeyd edib ki, əvvəlcə real problemlər müəyyən edilməli, sonra bu problemlərə uyğun texnoloji həllər tətbiq olunmalıdır.

Davosda yoluxucu olmayan xəstəliklərin qarşısının alınmasının uzunmüddətli strategiya kimi vacibliyi də vurğulanıb. Bildirilib ki, ölkələr səhiyyə xərclərinin çox kiçik bir hissəsini profilaktikaya ayırır, halbuki bu yanaşma həm iqtisadi, həm də sosial baxımdan daha səmərəli ola bilər.

Mütəxəssislər sağlam qidalanma və düzgün həyat tərzinin hamı üçün əlçatan olmadığını da qeyd ediblər. Daha sağlam seçimlər bir çox ölkədə həm bahalıdır, həm də hər kəs üçün rahat şəkildə əldə edilmir.

Ruhi sağlamlıq mövzusu da müzakirələrin əsas istiqamətlərindən biri olub. Xüsusilə rəqəmsal dünyanın gənclərin psixoloji vəziyyətinə təsiri, stiqmanın aradan qaldırılması və insanların kömək istəməyə təşviq olunması ön plana çəkilib.

Davos 2026-nın əsas mesajı belə formalaşıb: qlobal sağlamlığın “qızıl dövrü” geridə qalsa da, doğru strategiyalar, profilaktika və texnologiyanın düzgün istifadəsi ilə yeni və daha dayanıqlı bir mərhələ qurmaq mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
39
e-saglam.az

1Источники