“AQA Şirkətlər Qrupu” QSC-yə (AGA Group) daxil olan faktorinq şirkəti “Ferrum Kapital” QSC ümumi həcmi 5 milyon manat olan növbəti istiqraz emissiyasını həyata keçirməyə hazırlaşır.
Banker.az bunu Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.
Şirkətin dərc etdiyi baza emissiya prospektinə əsasən, bu addım biznes fəaliyyətinin genişləndirilməsi və yeni layihələrin maliyyələşdirilməsi məqsədini daşıyır.
Emissiya çərçivəsində hər biri 100 manat nominal dəyərində olan 50 000 ədəd istiqraz buraxılacaq və ümumi həcmi 5 milyon manat təşkil edəcək.
İstiqrazların illik faiz dərəcəsi 14% səviyyəsində müəyyən olunub və faiz ödənişləri hər üç ayda bir həyata keçiriləcək.
Tədavül müddəti 12 ay olmaqla, əsas məbləğin ödənişi dövrün sonunda təmin ediləcək. İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı növdədir.
Yerləşdirmə prosesi “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında kütləvi təklif üsulu ilə aparılacaq və emissiyanın anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
“Ferrum Kapital” bu istiqrazlardan əldə olunacaq vəsaiti gəlir gətirən layihələrə yönəltməyi və faktorinq xidmətləri üzrə əsas fəaliyyət sahəsini daha da genişləndirməyi planlaşdırır. Faktorinq şirkəti Azərbaycan bazarında müştərilərə yerli və beynəlxalq faktorinq xidmətləri təqdim edən iştirakçılardan biridir. Eyni zamanda, şirkət lizinq və lombard fəaliyyəti üzrə də xidmət göstərmək səlahiyyətinə malikdir.
Səhmdar strukturuna görə, əsas paylar Demirçi Qafar Aydın oğluna (68%) və Habib Zadeh Mohammad Rezaya (23%) məxsusdur. Digər kiçik paylar isə “AQA Şirkətlər Qrupu” QSC (4,5%) və “Vesta Investment” QSC (4,5%) arasında bölüşdürülüb.
“Ferrum Kapital”ın audit olunmuş maliyyə hesabatlarına görə 2024-cü ildə xalis mənfəət 2.71 mln. manat olduğu halda, 2025-ci ilin ilk 9 ayında bu göstərici 2.80 mln. manata yüksəlib. Hesabat dövründə aktivlər 75.63 mln. manatdan 73.43 mln. manata enib, cəmi kapital isə 8.53 mln. manatdan 21.69 mln. manata qədər artıb. 2025-ci ilin sentyabrında öhdəliklər 51.75 mln. manat təşkil edib.