RU

Azərbaycanda bütün qadınlar hədəfdədir

Bir qadını hədəfə almaq - Qadınları hədəfə almaq siyasi mübarizə deyil! Bu, siyasi mübarizənin bitdiyi, fikrin, arqumentin, ideyanın tükəndiyi nöqtədir. Qadının adı üzərindən şayiə yaymaq, onu şübhə obyektinə çevirmək ən köhnə, ən primitiv, ən iyrənc manipulyasiya üsullarından biridir. Təəssüf ki, bu üsul hələ də işləyir, hələ də ondan istifadə edirlər.

Söz bitəndə böhtan başlayır. Fakt yoxdursa, sübut yoxdursa, mövqe yoxdursa - qadının adı ortaya atılır. Məqsəd nəyisə isbatlamaq deyil; məqsəd şübhə yaratmaqdır. Çünki şübhə fakt qədər səslidir, bəzən ondan da qalıcıdır. İddia səsləndirilir, amma cavabdehlik daşınmır. Bu, məsuliyyətsizliyin "ideologiya"sıdır...

Xaricdən, məsafədən, sosial şəbəkələrin təhlükəsiz sığınacağından səslənən hücumlar artıq nə ictimai rəy yaradır, nə də cəmiyyətə müsbət impuls ötürür. Buna görə də ritorika dəyişir: tənqid yerini qarayaxmaya, söyüş və təhqirə, analiz yerini şayiəyə, mövqe isə şəxsi həyatın linç edilməsinə verir. Bu mərhələdə nə jurnalistika qalır, nə siyasət, nə ictimai müqavimət - sadəcə, zəhər qalır...

Hətta bu məqamda qadının konkret kimliyi də ikinci dərəcəlidir. Əsas olan mexanizmdir. Bu mexanizm qadını siyasi silaha çevirir, ailəni təzyiq obyektinə, şəxsi həyatı isə linç meydançasına. Bu artıq təkcə bir adın, bir ailənin məsələsi deyil - bu, cəmiyyətin mənəvi sərhədlərinin necə asanlıqla aşılması məsələsidir - mənəvi terrordur!

Ən təhlükəli məqam isə bütün bunların “qadın haqları”, “azadlıq”, “demokratiya”, “liberal dəyərlər” və s. kimi anlayışların arxasında gizlənərək edilməsidir. Qadın hüquqlarından danışaraq bir qadını hədəfə almaq bu anlayışların mənasını aşağılamaqdır. Hüquqdan danışıb ləyaqəti tapdalamaq, azadlıq deyib linç etmək - bu, ideoloji yox, əxlaqi iflasdır...

Избранный
34
3
publika.az

4Источники