RU

Köçəryan yenə sayıqladı – Qarabağa ermənilərin dönüşü...

“Biz inanırıq ki, artsax xalqının geri qayıtmaq hüququ uğrunda mübarizə aparmaq realdır”.

Bu absurdu Xocalı hərbi canisi Robert Köçəryanın oğlu, “Ermənistan” blokundan olan deputat Levon Köçəryan Abovyan sakinləri ilə görüşdə bildirib.

“Biz bunun mümkünlüyünə inanırıq. Bu, çox təbii və məntiqi, eyni zamanda, qlobal supergüclər üçün kifayət qədər anlaşılan tələbdir. Nə dərəcədə realdır? Ən azından, bu tələbi gündəmdə saxlamaq və xarici siyasət gündəliyimizə daxil etmək, şübhəsiz ki, real və zəruridir. Ondan sonrakı addımlar barədə düşünərik”, - deyə Köçəryan “çəhrayı arzularını” dilə gətirib.

O, həmçinin, Baş nazir Nikol Paşinyanın ermənilərin Qarabağa qayıdışını qeyri-mümkün saymasını “milli xəyanət” adlandırıb...

Əlbəttə, o sözləri deyərkən Paşinyan “daşlaşmış” gerçəyi, yerdəki reallığı nəzərə almışdı. O səbəbə qayıdış məsələsinin gündəmə daşınmasının Bakı və İrəvan arasında sülh prosesinə zərbə vuracaq təhlükəli mövzu adlandırmışdı. Razılaşmamaq çıtindi.

İkinci yandan, “özü yıxılan ağlamaz”. Nə tez yaddan çıxdı, Azərbaycan dəfələrlə Qarabağdakı bir ovuc erməniyə az qala, dünyada analoqu olmayan ən yüksək muxtariyyət vəd edib. Amma qarşı tərəf, rəsmi İrəvan, xunta rejimi bunu rədd edib və göylə gedib. Yalançı “hərbi qələbənin” eyforiyasına uyaraq, maksimalist tələblər irəli sürüb. Nəticə nə olacaqdısa, o da 6 ildir ortada: çox istəyirdilər, azdan da oldular.

Bakı hətta yüksək humanizm göstərərək, 2-ci Qarabağ müharibəsindən sonra bölgədəki ermənilərə amnistiya vəd eləmişdi. Yəni, bu, istisna deyildi, yetərdi ki, onlar Azərbaycan Konstitusiyasını qəbul edib qanunlarımız altında yaşamağa razı olsunlar. Amma çıxıb getdilər. Çünki əksəriyyət hansı əməlin yiyəsi olduğunu yaxşı bilirdi...

Amma gəl ki, Ermənistan hakimiyyəti indiyədək bircə dəfə olsun, zorla qovduqları 350 milyonluq soydaşımızın öz yurd yerlərinə qayıdış haqqının olduğunu etiraf etməyib. Dilə gətirməyib. Ona görə də Ermənistan adlı qədim Türk yurdunda azərbaycanlı əhali yaşamayacaqsa, Azərbaycanda, Qarabağda da ermənilər olmayacaq.

Xankəndidə

Bu, bizim üçün hər şeydən öncə milli təhlükəsizlik məsələsi. “Qırmızı xətt”. Ötən il Xankəndi şəhərində Karen Avanesyan ad-soyadlı bir itin terror törətməyə cəhd eləməsi narahatlığımıza zərrəcə şəkk-şübhə saxlamadı (Avanesyan bu əmələ görə 16 il azadlıqdan məhrum edilib). Yəni, xislət məsələsi...

Diqqət edin, hələ də ermənilərin Qarabağa qayıdış zəruriliyindən dəm vuran revanşist tör-töküntülər bu qayıdışın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində baş verməli olduğunu bir dəfə də olsun dilə gətirməyiblər. Hələ də xam xəyallara yaşayırlar. Bakıya yalvarmaq əvəzinə, yenə də ondan-bundan kömək umurlar. Guya hansısa mifik beynəlxalq qurum və ya güc onlara təhlükəsizlik zəmanəti verəcək(miş).

Bunlar sözsüz ki, xam xəyallardır. Qatar çoxdan gedib. Ermənilər xalq olaraq, bunu nə qədər tez anlasa, bir o qədər özlərinə yaxşılıq eləmiş olarlar. Hər halda, qonşu toplumun nə dərəcədə ağıllandığına qarşıdakı parlament seçkilərinin və konstitusiya referendumunun nəticələrindən ram əmin olacağıq.../Musavat.com/

Избранный
9
2
turkustan.az

3Источники