RU

Ukrayna qalası...

“İstəklilər koalisiyası” Vaşinqtonsuz Kiyevi yenidən necə silahlandıra bilər?..

Müəlliflər: Erik Çiaramella - Karnegi Beynəlxalq Sülh Fondunda Rusiya və Avrasiya proqramı üzrə baş elmi işçisi

Sofiya Beş — Karnegi Beynəlxalq Sülh Fondunun Avropa proqramının baş elmi işçisi

Foreign Affairs nəşri

Yanvar ayında, Rusiyanın Ukraynaya qarşı hücumunun davam etdiyi və ABŞ prezidenti Donald Trampın münaqişənin mümkün qədər tez sülh yolu ilə həllinə çalışdığı bir dövrdə Avropanın iyirmidən çox ölkəsinin və Kanadanın liderləri Parisdə toplaşaraq Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. Avropa liderləri sammiti “istəkli koalisiya” üçün irəliləyiş kimi təqdim etsələr də, ictimaiyyətə açıqlanan nəticə əvvəlki öhdəliklərin, sadəcə bir qədər genişləndirilmiş formada, təkrarı olub.

Koalisiyanın əsas ideyası Avropa rəhbərliyi altında çoxmillətli qüvvələrin yaradılmasıdır. Bu qüvvələrin atəşkəs əldə ediləcəyi təqdirdə Ukrayna ərazisində yerləşdirilməsi nəzərdə tutulur. Quru, dəniz və hava komponentlərini əhatə edən bu qüvvələrin planlaşdırılması artıq Avropa hərbçiləri və müdafiə nazirlikləri tərəfindən aparılır, qərargah isə Paris yaxınlığında yaradılıb. Missiya iki əsas məqsədlə formalaşdırılır: Ukrayna Silahlı Qüvvələrinin bərpasına dəstək vermək və çəkindirməni qorumaq. Kiyevin Avropadakı tərəfdaşları, həmçinin atəşkəsdən sonra Ukrayna yenidən hücuma məruz qalacağı halda NATO-nun 5-ci maddəsinə bənzər hüquqi baxımdan məcburi zəmanətlər paketini də müzakirə edirlər.

Bu müzakirələr Rusiyanı cilovlamaq və müharibədən yorulmuş ukraynalıları mümkün atəşkəsin davamlı olacağına inandırmaq üçün nələrin tələb olunduğuna dair daha realist qiymətləndirməni gündəmə gətirib. Lakin nəzərdə tutulan zəmanətlər Avropanın nəzarət etmədiyi iki şərtə söykənir: ABŞ-nin davamlı dəstəyi və Rusiyanın razılığı, yaxud ən azı müqavimət göstərməməsi.

Atəşkəs baş versə də, baş verməsə də, Kiyev və onun tərəfdaşları Ukraynanın hərbi gücünü artırmağa və qorumağa imkan verən konkret plana ehtiyac duyur. Qoşunların yerləşdirilməsi və müharibədən sonrakı öhdəliklər bu planın mühüm elementləri ola bilər, lakin əsas dayağı dəstəkləməlidir. Bu dayaq uzunmüddətli çəkindirmənin mərkəzində dayanan Ukraynanın öz döyüş qabiliyyəti və müdafiə texnoloji potensialıdır. Kiyevə tərəfdaşların böyük yardım paketlərini, investisiyaları, satınalmaları, kəşfiyyat əməkdaşlığını və sabit təlim mexanizmlərini birləşdirən, ideal halda azı beş illik dövrü əhatə edən proqram lazımdır.

Ukraynanın yenidən silahlandırılmasının dəyəri yüksək olacaq və Avropa indiyədək uzunmüddətli planlaşdırma üçün tələb olunan vəsaiti tapmaqda çətinlik çəkib. Bunun alternativi isə daim “sağ qalma rejimində” fəaliyyət göstərən ordu variantıdır ki, bu da daha baha başa gəlir. Avropa Ukraynanın məğlubiyyətinin qarşısını almaqda doğrudan da qərarlıdırsa, koordinasiyalı və çoxillik strategiya Kiyevə hazırkı epizodik yardım paketlərindən daha çox fayda verəcək və Qərbin qətiyyətini daha inandırıcı göstərəcək.

Etibar et, amma yoxla

Ukraynalılar Qərb liderlərini tez-tez Budapeşt memorandumunun səhvlərini təkrarlamamaq barədə xəbərdar edirlər. 1994-cü ildə imzalanan bu sənədə əsasən Rusiya, Böyük Britaniya və ABŞ Ukraynanın sərhədlərinə hörmət etməyi öhdələrinə götürmüşdü. Bunun müqabilində Kiyev Sovet İttifaqından miras qalan nüvə arsenalından imtina etmişdi. Sonrakı illərdə Ukrayna rəhbərliyi ordunun zəifləməsinə yol versə də, qeyri-müəyyən və faktiki icra mexanizmi olmayan memorandum ölkədə boş vədlərin simvoluna çevrilib və 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalını mümkün edən amillərdən biri kimi qəbul olunur.

Bununla belə, hazırkı Avropa, ABŞ və Ukrayna arasında aparılan müzakirələr 1990-cı illərin əvvəllərindəki debatlarla müqayisə edilə bilməz. Bir vaxtlar təsəvvür edilməyən ssenari — Qərb ölkələrinin Ukraynaya yüz milyardlarla dollar dəyərində müasir silah verməsi — artıq Kiyev və onun tərəfdaşları üçün reallığa çevrilib.

Tramp administrasiyası Avropa qoşunlarının yerləşdirilməsini və “5-ci maddə tipli” zəmanətləri əhatə edən təhlükəsizlik mexanizmində iştirak etməyə hazır olduğunu bildirib. Avropa liderləri ABŞ-nin kəşfiyyat, logistika və komandanlıq imkanlarından istifadəyə razılıq verməsini, həmçinin Ukrayna yenidən hücuma məruz qalacağı halda Vaşinqtonun “sığorta dayağı” rolunu üzərinə götürməsini istəyirlər. Avropa və Ukrayna hesab edir ki, ABŞ dəstəyi olmadan verilən zəmanət Moskva tərəfindən ciddi qəbul edilməyəcək.

Lakin ABŞ-nin iştirakı olsa belə, Avropa zəmanətlərinin etibarlılığı sual altındadır. NATO-nun zəmanətləri və Amerikanın Asiyadakı öhdəlikləri yalnız müqavilə mətnlərinə deyil, onilliklər boyu aparılan inteqrə edilmiş planlaşdırmaya, birgə təlimlərə və ABŞ qoşunlarının daimi mövcudluğuna əsaslanır. Ukrayna məsələsində isə nə Avropa, nə də ABŞ onun uğrunda birbaşa müharibəyə girməyə hazır olduğunu nümayiş etdirib. Əksinə, 2022-ci ildən bəri əsas məqsədin Rusiya ilə birbaşa münaqişədən yayınmaq olduğu açıq şəkildə vurğulanıb.

Bu qeyri-müəyyənlik Trampın davranışlarının proqnozlaşdırılmazlığı və Rusiyaya qarşı daha yumşaq münasibəti fonunda daha da artır. Kağız üzərində ABŞ zəmanəti olsa belə, Trampın real böhran zamanı ondan imtina etməsi ehtimalı qalır. Bu riski anlayan Avropa və Ukrayna atəşkəsin monitorinqi və yoxlanılması mexanizminə ABŞ-nin rəhbərlik etməsini, həmçinin zəmanətlərin Konqres tərəfindən qanuniləşdirilməsini təklif ediblər.

Vetodan yan keçmək

“İstəkli koalisiya”nın təklif etdiyi çərçivənin başqa bir problemli tərəfi ondan ibarətdir ki, təhlükəsizlik zəmanətləri yalnız döyüşlər dayandıqdan sonra qüvvəyə minməlidir. Bu yanaşma Moskvaya şərtləri manipulyasiya etmək imkanı yaradır. ABŞ-də bəzi yüksək vəzifəli şəxslər Vladimir Putinin Avropa qoşunlarının yerləşdirilməsinə və “5-ci maddə tipli” zəmanətlərə razı olacağını düşünürlər. Lakin Kreml üçün Ukraynanın uzunmüddətli təhlükəsizliyini Qərbə etibar etmək məntiqsiz görünür.

Əgər Putin zəmanətləri blef hesab etsə, atəşkəsə razılaşıb sonradan təzyiq və nüvə təhdidləri ilə Qərbi geri çəkilməyə məcbur etməyə çalışa bilər. Bu cür ssenari NATO daxilində də 5-ci maddənin etibarlılığına zərbə vura bilər. Digər ehtimal isə ondan ibarətdir ki, Moskva Ukraynadan o qədər geniş güzəştlər tələb etsin ki, Qərb zəmanətləri Kiyevin uzunmüddətli təhlükəsizliyini faktiki təmin etməsin.

Bu variantların heç biri nə Ukrayna, nə də Avropa üçün sərfəlidir. Ən optimal ssenari Kremlin güclü Ukrayna ordusunun, Avropa qoşunlarının mövcudluğunun və real zəmanətlərin qaçılmaz olduğunu qəbul etməsidir. Bunun üçün isə Rusiyanın müharibəni tükənmə yolu ilə udmaq illüziyasından əl çəkməsi lazımdır.

“Dəmir iradəni” möhkəmləndirmək

2025-ci ilin martında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın “polad dikobraza” çevrilməsi ideyasını irəli sürüb. Məqsəd ölkənin müdafiə imkanlarını elə gücləndirməkdir ki, Rusiya üçün “udulmaz” olsun. Trampın Ağ Evə qayıdışı Avropanı Ukraynaya maddi dəstəyi artırmağa və öz müdafiə-sənaye potensialını daha fəal səfərbər etməyə məcbur edib.

Bu addımlar Ukraynanın müqavimətini davam etdirməsinə imkan verib. Lakin dörd il sonra belə Avropa və Ukraynanın əsas müdafiə ehtiyaclarını tam qarşılaya bilməməsi mövcud yanaşmanın məhdudluğunu göstərir. İndi Kiyevin uzunmüddətli bərpa və yenidən silahlanma strategiyasına keçidi üçün koordinasiyalı çoxillik plan tələb olunur.

390 milyard dollarlıq sual

Sonda hər şey Avropanın bu strategiyanı maliyyələşdirmək qabiliyyətinə gəlib çıxır. The Economist-in hesablamalarına görə, 2026–2029-cu illərdə Ukraynaya təxminən 390 milyard dollar həcmində büdcə və hərbi dəstək lazım olacaq. Bu səviyyəyə çatmaq üçün Avropa NATO üzvləri Ukraynaya hazırkı dəstəyi demək olar ikiqat artırmalıdır.

Davosdakı Dünya İqtisadi Forumunda Ukrayna prezidenti Volodimir Zelenski Avropanı Vaşinqtondan asılılığı azaltmağa çağırıb. “İstəkli koalisiya” artıq daha ciddi təhlükəsizlik mexanizminin əlamətlərini göstərsə də, Avropanın real strateji müstəqilliyi üçün uzunmüddətli planlaşdırma, komandanlıq və təminat imkanlarını inkişaf etdirməsi vacibdir. Avropa yeni dövr üçün təşkilatlanmağa başlayıb və bu səylərin uğuru Ukraynanın müdafiəsini davamlı şəkildə dəstəkləmək qabiliyyətindən asılı olacaq.

Təfrcümə Poliqon-a aidir

Poliqon.info

Избранный
45
poliqon.info

1Источники