RU

Xristos Mandas “Latsio”nu “Bornmut”a dəyişdi – ARENA.AZ

Yunanıstan millisinin və İtaliyanın “Latsio” komandasının qapıçısı Xristos Mandas bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı qolkiper cari mövsümün sonuna qədər icarə əsasında Premyer Liqa təmsilçisinin formasını geyinəcək. İngiltərə klubu yarım mövsümlük icarə üçün “Latsio”ya 1,5 milyon avro ödəyib. “Bornmut” mövsümün sonunda Mandasın transfer hüquqlarını almaq hüququna da malikdir.

Xatırladaq ki, “Latsio” Mandası 2023-cü ildə Yunanıstanın “OFİ Krete” klubundan 1,3 milyon avro müqabilində transfer etmişdi. O, cari mövsümdə paytaxt klubunun heyətində cəmi 1 oyunda meydana çıxıb və qapısını toxunulmaz saxlayıb. Mandasın “Latsio” karyerası bütövlükdə 33 oyun, 27 buraxılmış qol və 12 “quru” oyundan ibarətdir. Onun İtaliya kollektivi ilə müqaviləsi 2029-cu ilin 30 iyununa qədər qüvvədədir.

Xristos Mandas peşəkar karyerasına yetirməsi olduğu Yunanıstanın “Atromitos” klubunda başlayıb. O, ölkəsində “OFİ Krete”nin də uğurları üçün çalışıb.

Yunan qolkiper ölkəsinin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında forma geyinib, əsas millidə isə 2 oyun keçirib.

“Transfermarkt” internet-portalı 24 yaşlı qapıçının transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
72
10
arena.az

10Источники