RU

Parlamentin yaz sessiyası başlayır: hansı təkliflər, təşəbbüslər olacaq

Qarşıdan Milli Məclisin yaz sessiyası gəlir. Bu sessiyada prioritetlərin nədən ibarət olması, habelə qanunvericilik təşəbbüsləri ilə bağlı parlamentin komitə sədrlərinin və deputatların fikirlərini öyrəndik. 

Tahir RZAYEV, Aqrar siyasət komitəsinin sədri:

- Azərbaycanda aqrar sektor son illərdə həm sosial-iqtisadi, həm də hüquqi baxımdan əhəmiyyətli inkişaf mərhələsi keçir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı mühüm dövlət proqramlarının uğurla həyata keçirilməsini təmin edib, nəticədə kənd təsərrüfatının müxtəlif sahələrində göstəricilər əhəmiyyətli dərəcədə yüksəlib. Prezidentimizin aqrar sektora xüsusi diqqəti son illər bu sahənin inkişafında mühüm rol oynayıb. Dövlət proqramlarının uğurla həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafına, iş yerlərinin yaradılmasına və kənd təsərrüfatının inkişafına öz təsirini göstərib. 

Aqrar sektorun inkişafında hüquqi bazanın möhkəmləndirilməsi xüsusi rol oynayır. Son illər bu istiqamətdə mühüm qanunlar qəbul edilib, qanunlara əlavə dəyişikliklər olunub və əsasnamələr təsdiqlənib. Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı qanunların müzakirəsi və qəbulu həm aqrar sektorun inkişafına, həm də sahibkarların hüquqi bazasının möhkəmlənməsinə imkan verib.

Hazırda torpaqdan, sudan və digər təbii resurslardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi və ixtisaslı kadrların hazırlanması aqrar sektorun əsas vəzifələri sırasındadır. Komitə bu istiqamətdə mütəxəssislərlə görüşlər, dinləmələr və müxtəlif tədbirlər keçirir ki, qanunvericilik və praktik fəaliyyət bir-birini tamamlasın. 

Payız sessiyasında olduğu kimi, yaz sessiyasında da aqrar sektorun inkişafı və insanları narahat edən problemlərin həlli komitənin diqqət mərkəzində olacaq. Dünyada baş verən iqlim dəyişiklikləri və müharibələrin yaratdığı çətinliklərin aradan qaldırılması üçün aqrar sektora dəstəyin artırılması vacibdir. Bu istiqamətdə müzakirələr, dinləmələr və görüşlərin keçirilməsi davam edəcək.

Komitə kadr hazırlığı, torpaq münasibətləri, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və aqrar sahədə hüquqi bazanın gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayırır. Bu proseslər həm praktiki tədbirlər, həm də qanunvericilik təşəbbüsləri vasitəsilə həyata keçirilir. 

Aqrar sektor ölkənin iqtisadi və sosial inkişafında mühüm rol oynayır. Dövlət dəstəyi, müasir infrastrukturun yaradılması və qanunvericilik bazasının təkmilləşdirilməsi fermerlərin fəaliyyətini asanlaşdırır, məhsuldarlığı artırır və kənd təsərrüfatına sərmayəni cəlb edir. Aqrar sektor çətin və məsuliyyətli sahədir. Hər bir qanunun icrası, hər bir tədbirin düzgün həyata keçirilməsi kənd təsərrüfatının inkişafına birbaşa təsir göstərir. Komitə bu məsələləri daim gündəmdə saxlayır və lazım olan tədbirlərin həyata keçirilməsinə böyük önəm verir.

Musa QULİYEV, Əmək və sosial siyasət komitəsinin sədri:

- Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət həmişə olduğu kimi keçən il də prioritet istiqamət təşkil edib. Dövlətimizin başçısının sərəncamı ilə 2025-ci ildə həyata keçirilən sosial islahatlar zərfinə əsasən, bu tədbirlər 3 milyondan çox vətəndaşın sosial rifahının yüksəlməsini təmin edir. Cari ilin dövlət büdcəsində də sosial xərclərin çəkisi böyükdür.

Ötən sessiya ərzində komitənin 17 iclası keçirilib və həmin iclaslarda 33 məsələ müzakirə olunub. Hesabat dövründə komitəyə daxil olan 241 ərizə, şikayət və müraciət araşdırılıb və müvafiq tədbirlər görülüb.

Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsinə əsasən, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi və digər məsələlər nəzərdə tutulub. Həmçinin bu sessiyada Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı dinləmənin keçirilməsi planlaşdırılıb.

Digər vacib məsələ olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, sənəddə minimum əməkhaqqının hər il yenidən baxılması müddəası təsbit olunur. Layihənin qəbulu həm də ölkəmizin beynəlxalq hesabatlarda reytinqinin yüksəlməsinə xidmət edəcək.

Bundan başqa, Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsinə əsasən, beynəlxalq əmək standartları ölkəmizdə uğurla tətbiq olunur. Azərbaycan indiyə qədər Beynəlxalq Əmək Təşkilatının doqquz əsas konvensiyasına qoşulub. 

Fazil MUSTAFA, İctimai birliklər və dini qurumlar komitəsinin sədri:

- 2025-ci ilin payız sessiyası dövründə komitənin 4 iclası keçirilib və 6 məsələyə baxılıb.

Sessiya ərzində "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi digər komitələrlə birlikdə müzakirə olunub və Milli Məclisdə qəbul edilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsində də bir sıra məsələlər yer alıb. Gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, bir sıra mövzularda ictimai müzakirələr, vətəndaşlarla və dini konfessiyaların nümayəndələri ilə mütəmadi görüşlər keçiriləcək.

Arzu NAĞIYEV, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri: 

- Payız sessiyasında bizim komitə səmərəli fəaliyyət göstərib. Bu müddətdə 24 iclas keçirilib, 19 məsələyə baxılıb, o cümlədən 5 qanun layihəsi üç oxunuşda, 2 qanun layihəsi bir oxunuşda müzakirə olunaraq qəbul edilib.

Komitənin 2026-cı il yaz sessiyası üçün iş planına mühüm məsələlər daxil edilib. Yaz sessiyası müddətində qanunvericilik təşəbbüsü qaydasında təqdim olunacaq qanun layihələrinin, bəzi qanunlarda ediləcək dəyişikliklərin müzakirəsi, hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. Sessiya ərzində habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili, vətəndaşların müraciətlərinə baxılması, seçicilərlə görüşlərin keçirilməsi planlaşdırılır.

Zahid ORUC, İnsan hüquqları komitəsinin sədri:

- Komitədə payız sessiyasında 10 iclas keçirilib, həmin iclaslarda 11 məsələ, o cümlədən 4 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib və parlament tərəfindən qəbul olunub. Eyni zamanda həmin dövrdə bir sıra qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb. Payız sessiyası dövründə komitəyə 328 vətəndaş müraciəti daxil olub. Onlardan 33-ü təkrar ərizələrdir. Bir çox ərizəyə bağlı müraciətlər üzrə vətəndaşların hüquqları bərpa edilib. Bəzi ərizə və şikayətlər isə aidiyyəti üzrə müvafiq ünvanlara göndərilib, sorğu verilib və  cavablandırılıb. Komitə üzvləri eyni zamanda sessiya müddəti ərzində vətəndaşların mütəmadi qəbulunu və daxil olan sənədlərlə bağlı geniş profilli işləri aktiv şəkildə həyata keçirib. 

2026-cı ilin yaz sessiyası müddətində "Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışı" mövzusunda ANAMA ilə birgə görüşlərin keçirilməsi, "Böyük qayıdış və reinteqrasiya" ilə bağlı dinləmələrin keçirilməsi, Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə əlaqədar - Azərbaycanda dayanıqlı şəhərsalma, urbanizasiya prosesləri və sosial hüquqlarla bağlı konfransın keçirilməsi, "Yeni dünya düzəni və mövcud qlobal geosiyasi proseslər fonunda insan hüquqları: çağırışlar və yeni baxışlar" mövzusunda icmalın hazırlanması, Uşaq və yeniyetmələrin sosial media asılılığının qarşısının alınması yollarına dair ekspert müzakirələrinin təşkili, "Milli-mənəvi dəyərlərin və ailə institutunun informasiya-kommunikasiya məkanında müdafiəsi" mövzusunda "dəyirmi masa"nın təşkili, "Azərbaycan dili - milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair" ictimai dinləmənin keçirilməsi, rəqəmsal suverenliyin qorunması, dezinformasiyaya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi sahəsində icmalın hazırlanması kimi məsələlərə baxılacaq. 

Elnarə AKİMOVA, Mədəniyyət və Elm və təhsil komitələrinin üzvü:

- Yaz sessiyasının başlanması Milli Məclisin fəaliyyətində həm mövcud qanunvericilik işlərinin davamı, həm də yeni təşəbbüslərin gündəmə gətirilməsi baxımından mühüm mərhələdir. Bu sessiya ərəfəsində əsas hədəf sosial-iqtisadi inkişafın yeni çağırışlarına uyğun hüquqi mexanizmlərin formalaşdırılması, insan kapitalının gücləndirilməsi və mədəni-humanitar sahələrdə dövlət siyasətinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsidir. 

Hazırda Milli Məclisin Elm və təhsil komitəsində üzərində işlənilən qanun layihələri əsasən təhsil sisteminin keyfiyyətinin artırılması, ali və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, eləcə də elm və təhsilin inteqrasiyası ilə bağlıdır. Xüsusilə "Təhsil haqqında" qanuna dəyişikliklər, müəllimlərin peşəkar inkişafı və sertifikasiya mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də rəqəmsal təhsil resurslarının hüquqi əsaslarının gücləndirilməsi yaz sessiyasında müzakirəyə çıxarılacaq məsələlər sırasındadır. Bu sahədə mövcud boşluqlar daha çox təhsildə keyfiyyətə nəzarət, regionlar üzrə imkan bərabərliyi və qeyri-formal təhsilin tanınması ilə bağlıdır. Deputat kimi əsas təklifim region məktəblərində müəllim yerdəyişmələri ilə bağlı olacaq. Çünki son illər ucqar rayon və kənd məktəblərində müəllim heyətinin davamlı şəkildə dəyişməsi təhsil sistemində narahatedici tendensiya kimi özünü göstərməyə başlayıb. Müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarından uğurla keçən pedaqoqların böyük bir hissəsi ilkin mərhələdə məhz bölgə məktəblərinə təyinat alır. Bu, bir tərəfdən region məktəblərinin kadrla təmin olunması baxımından zəruri addım kimi qiymətləndirilsə də, digər tərəfdən həmin müəllimlərin əksəriyyətinin bir neçə il sonra yenidən imtahanlarda iştirak edərək daha əlverişli hesab etdikləri məktəblərə keçməyə çalışması ciddi problemlər yaradır. Nəticədə bəzi məktəblərdə müəllim kollektivi hər il yenilənir ki, bu da tədris prosesində sabitliyin pozulmasına səbəb olur. 

Bilirik ki, müəllim amili şagirdin akademik nailiyyətlərinə təsir edən əsas faktorlardan biridir. Müəllimin tez-tez yerini dəyişməsi isə bu təsirin davamlılığını zəiflədir. Hər bir müəllimin fərqli pedaqoji yanaşması, metodikası, qiymətləndirmə meyarları və sinfi idarəetmə üslubu var. Şagirdlərin hər il yeni tələblərə və fərqli tədris modellərinə uyğunlaşmaq məcburiyyətində qalması tədris prosesinin səmərəliliyini azaldır. Xüsusilə ibtidai və əsas təhsil pilləsində bu dəyişiklik şagirdlərin biliklərin sistemli mənimsənilməsində boşluqların yaranmasına gətirib çıxarır. Psixoloji aspekt də bu prosesdə mühüm rol oynayır. Şagirdlə müəllim arasında etimad və emosional bağın formalaşması zaman tələb edir. Müəllim dəyişikliyi bu bağın tez-tez qırılmasına, şagirdlərin motivasiyasının azalmasına və məktəbə münasibətdə laqeydliyin yaranmasına səbəb ola bilər. Müəllim dəyişikliyinin tədris prosesinə mənfi təsirini azaltmaq üçün problemin yalnız inzibati müstəvidə deyil, kompleks yanaşma ilə həll edilməsi vacibdir. Bu istiqamətdə öz təkliflərimi səsləndirəcəyəm. 

Mədəniyyət komitəsinin üzvü olaraq digər təşəbbüslərim də olacaq. Dövlət başçısı cənab İlham Əliyev 2026-cı il 14 yanvar tarixli sərəncamı ilə "Azərbaycan Mədəniyyəti-2040" Mədəniyyət Konsepsiyasını təsdiq etdi. Konsepsiyadan irəli gələn vəzifələrin qanunvericilik müstəvisində təmin edilməsi üçün vacib məsələləri yaz sessiyasında qaldıracağam. 

Təhsil sahəsində sürətlə dəyişən texnologiyalar, mədəniyyət sahəsində isə müstəqil yaradıcı fəaliyyətin genişlənməsi daha çevik və funksional hüquqi tənzimləmə tələb edir. Buna görə də yaz sessiyasında mövcud mexanizmləri real ehtiyaclara uyğun şəkildə yenidən qurmaq məqsədilə bəzi təkliflərim olacaq.

Azər ALLAHVERƏNOV, İnsan hüquqları və İctimai birliklər və dini qurumlar komitələrinin üzvü:

- Yaz sessiyası çərçivəsində fəaliyyətin tənzimlənməsi istiqamətində müvafiq addımlar atılır. Təmsil olunduğum iki komitənin iş planları artıq faktiki olaraq təsdiq edilib və həmin planlarda bir sıra mühüm məsələlər əksini tapıb. 

İctimai birliklər və dini qurumlar komitəsi üzrə fəaliyyət əsasən vətəndaş cəmiyyəti institutları ilə bağlı proseslərə yönəldilib. Bu çərçivədə QHT qanunvericiliyinin təkmilləşdirilməsi, ictimai iştirakçılıq mexanizmləri, qrant siyasəti ilə bağlı normativ-hüquqi bazanın eyni zamanda müasir dövrün tələbləri və çağırışlarına uyğun şəkildə yenilənməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb. İctimai birliklər və dini qurumlar komitəsi üzərindən həyata keçirilən fəaliyyət, eləcə də vətəndaş cəmiyyəti sektorunda uzunmüddətli təcrübədən irəli gələn təkliflər bu gün qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif platformalarda səsləndirilən məsələlərlə üst-üstə düşür. Bu təkliflər QHT-lərin fəaliyyətinin tənzimlənməsini, yeni dövrün çağırışlarına uyğun institusional və funksional şəkildə qurulmasını zəruri edir. Qanunvericilikdə müəyyən yeniliklərə ehtiyac qalmaqdadır və xüsusilə QHT-lərin institusional inkişafından sonra onların dayanıqlığının təmin edilməsi, beynəlxalq platformalarda təmsilçiliyinin gücləndirilməsi məqsədilə siyasi və hüquqi çərçivənin müəyyənləşdirilməsi baxımından mühüm təkliflər hazırlanır. Həmin təkliflərin yaz sessiyası dövründə müzakirəyə çıxarılması nəzərdə tutulur. 

İnsan hüquqları komitəsi çərçivəsində həyata keçirilən fəaliyyətə gəldikdə isə burada da bir neçə vacib istiqamət mövcuddur. Xüsusilə sosial hüquqlarla bağlı məsələlər, o cümlədən əlilliyin müəyyən olunması meyarları və bu sahədə mövcud problemlər vətəndaşlarla keçirilən görüşlər zamanı mütəmadi olaraq qaldırılır. Həmin təkliflərin aidiyyəti qurumlar tərəfindən dəyərləndirilməsi üçün müvafiq strukturlarla müzakirələrin aparılması hazırda davam etdirilir. Bununla yanaşı, insan hüquqları kontekstində yeni və aktual çağırışlar, süni intellekt, informasiya təhlükəsizliyi, hibrid təhdidlər və digər istiqamətlər üzrə də bir sıra təkliflər hazırlanır. Bu təkliflərin qanunvericiliyin müvafiq sahələri üzrə sistemli şəkildə irəli sürülməsini nəzərdə tutan paket üzərində iş aparılır. 

Yaz sessiyası dövründə qeyd olunan məsələlərə xüsusi diqqət yetiriləcək, eyni zamanda bu istiqamətlər üzrə yeni qanun layihələrinin hazırlanması və təşəbbüslərin irəli sürülməsi nəzərdə tutulur. Bunun üçün aidiyyəti üzrə qiymətləndirmələr aparılır və nəticə etibarilə yekun təkliflər formalaşdırılır. Bu fəaliyyətlər parlamentdə təmsil olunduğum hər iki komitənin məqsəd və vəzifələri ilə tam uyğunluq təşkil edir. 

Müşfiq MƏMMƏDLİ, Səhiyyə və Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvü:

- Milli Məclisin 2025-ci il payız sessiyası kifayət qədər məhsuldar keçdi, bir çox mühüm məsələnin müzakirəsi və ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan qanunvericilik təşəbbüsləri, həmçinin qanunlara edilən dəyişikliklərlə yadda qaldı. İnanıram ki, qarşıdan gələn yaz sessiyası da yüksək səviyyədə, qanunvericilik işləri planına uyğun şəkildə uğurlu fəaliyyəti ilə seçiləcək. Mən də parlamentin Səhiyyə komitəsinin üzvü kimi icbari tibbi sığorta zərfinin genişləndirilməsi, icbari tibbi sığortanın tətbiqində yeni uğurların əldə olunması istiqamətində atılan addımları dəstəkləyir və bu sahədə aktiv fəaliyyət göstərirəm. Xüsusilə onkoloji yardım sahəsində xidmətlərin daha da modernləşdirilməsi, liberallaşdırılması və özəl sektorun bu istiqamətə cəlb olunması ilə bağlı həyata keçirilən tədbirlər barədə fikir və təkliflərimi irəli sürəcəyəm. Bununla yanaşı, səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində dövlət sektorunda göstərilən tibbi yardımın və səhiyyə idarəetməsinin daha da təkmilləşdirilməsi, səmərəliliyin artırılması məqsədilə müvafiq təkliflər təqdim edəcəyəm. 

Eyni zamanda Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü kimi ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsi, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fikir və mülahizələrimi, eləcə də konkret qanunvericilik təşəbbüslərimi irəli sürməyi planlaşdırıram.

Təhminə VERDİYEVA,

"Azərbaycan"

Избранный
54
azerbaijan-news.az

1Источники