RU

“Rusiya-Ukrayna arasında sülh ehtimalı aşağıdır”

“Rusiya və Ukrayna arasındakı münaqişədə hazırkı vəziyyət aydın şəkildə göstərir ki, hər iki tərəf ilkin şərtlərindən geri çəkilmək niyyətində deyil. Donbas və ərazi məsələləri hər iki tərəf üçün açıq qırmızı xətt kimi qalır. Bu o deməkdir ki, münaqişənin həlli sadə diplomatik güzəştlərlə mümkün olmayacaq. Ukraynada hərbi vəziyyət müddətinin yenidən uzadılması isə həm ölkənin daxili təhlükəsizlik qanunvericiliyinin davam etdiyini, həm də hərbi hazırlığın sabitləndiyini göstərir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

 

O, bildirib ki, hər iki tərəfin qırmızı xətlərdən geri çəkilməməsi səbəbindən döyüşlər müəyyən səviyyədə davam edə bilər: “Lakin müharibədə yeni böyük irəliləyişlər mümkün görünmür. Bu vəziyyət Ukrayna və Rusiyanın müharibəni tamamilə dayandırmadan uzun müddət məhdud döyüş fəaliyyəti ilə idarə etməsinə səbəb ola bilər. Amma beynəlxalq təzyiq vasitəsilə, xüsusilə də ABŞ-nin təzyiqləri ilə müəyyən məsələlərdə qarşılıqlı kompromislər mümkündür. Bu, Donbasın işğal altında olmayan ərazilərdən Ukrayna qoşunlarının çıxarılması, amma həmin bölgənin silahsız bölgə elan edilməsi və ya azad iqtisadi zona kimi hansısa statusun müqabilində ola bilər. Başqa sözlə desək, münaqişənin dondurulması və ərazi mübahisələrinin, eləcə də status məsələsinin sonraya saxlanılması yolu ilə. Lakin hər iki tərəf öz qırmızı xətlərini yumşaltmadıqca bu ssenarinin həyata keçməsi ehtimalı da elə də yüksək deyil. Yox əgər belə bir razılıq olmayacaqsa, yəni Rusiya bütün Donbas ərazisi ilə bağlı iddialarını davam etdirəcəksə, o zaman münaqişə davam edəcək və yalnız tərəflərdən birinin ciddi üstünlük qazanması, digərinin isə tükənməsi halında dayanacaq. Hazırkı geosiyasi və hərbi şərait bunu qısa müddət üçün ehtimalı aşağı ssenariyə çevirir”.

 

R.Bayramov qeyd edib ki, Trampın siyasəti Ukrayna-Rusiya konfliktinə birbaşa təsir göstərə bilər: “Düzdür Tramp əsasən ABŞ maraqlarını qorumağa üstünlük verir və Ukraynaya hərbi dəstək siyasətini əvvəlki administrasiyalardakı qədər aktiv həyata keçirmir. Amma paralel şəkildə Rusiyanın enerji məhsullarını alan ölkələri sanksiya ilə hədələməklə faktiki olaraq Rusiyaya da təzyiq edir. Odur ki, indiki vəziyyətdə Trampın təzyiqlərinin səviyyəsindən də çox şey asılı olacaq. Amma istənilən halda indiki situasiyada hələ ki, sülhün yaxın perspektivdə qəti şəkildə əldə olunması ehtimalı olduqca aşağı görünür”.

 

Şəhanə Quliyeva

Tarix: 28 Yanvar 2026, 08:24   
Избранный
13
pravda.az

1Источники