RU

Kişi qısqanc sevgilisini döydü, amnistiyaya düşdü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zahid Əşrəflinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Zahid Əşrəfli barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınıb.


İttihama görə, hadisə 3 aprel 2025-ci il tarixdə gecə saat 23:00 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.


Zahid Əşrəfli qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı, zərərçəkmiş Təhminə Dadaşzadə (adı, soyadı şərtidir) ilə aralarında yaranmış mübahisə zamanı ona xəsarətlər yetirib.


Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə başqa qadınla ünsiyyət saxlaması ilə bağlı irad bildirib. Sonra tərəflər arasında şəxsi münasibətlər zəminində narazılıq yaranıb. Baş vermiş mübahisə zamanı Zahid qadının üzərinə hücum edərək qəsdən əl və yumruq zərbələri ilə onun əl, qol, göz, sifət, baş, sinə və bədənin müxtəlif nahiyələrinə vurub, həmçinin əlləri ilə boğazından tutaraq sıxıb. Nəticədə o, Təhminəyə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirib.


Məhkəmə iclasında Zahid Əşrəfli Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib.


Kamal Məmmədov 

Tarix: 28 Yanvar 2026, 08:36   
Избранный
51
pravda.az

1Источники