RU

Malayziya ali təhsildə regional mərkəz olmağa hazırlaşır

"Malayziya hökuməti ölkəni Cənub-Şərqi Asiyada ali təhsilin aparıcı mərkəzlərindən birinə çevirmək niyyətindədir. Bu məqsədlə xarici tələbələr üçün sənəd qəbulu prosedurlarının sadələşdirilməsi, müraciətlərin baxılma müddətinin kəskin azaldılması və universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur. Hazırda hökumət ali təhsilin inkişafı üzrə onillik kompleks strategiya üzərində işləyir".

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

176675

Professor qeyd edib ki, rəsmi məlumatlara görə, 2024-cü ildə Malayziyanın 20 dövlət universitetində 53 mindən çox xarici tələbə təhsil almağa başlayıb:

"Ümumilikdə isə hazırda ölkədə 170 minə yaxın əcnəbi ali təhsil alır. Hökumətin məqsədi 2030-cu ilə qədər bu rəqəmi ildə azı 250 min nəfərə çatdırmaqdır.Bu hədəfə çatmaq üçün qəbul sistemində müasir texnologiyalardan istifadə olunacaq. Xarici abituriyentlərin təqdim etdiyi diplom və attestatların yoxlanılmasında blokçeyn və rəqəmsal alqoritmlər tətbiq ediləcək. Bu yanaşma sənədlərin etibarlılığını dərhal təsdiqləməyə imkan verəcək və müraciətlərin baxılma müddətini iki həftəyə qədər azaltmağa kömək edəcək. Eyni zamanda, tələbə göndərən ölkələrlə birbaşa institusional əməkdaşlıq da gücləndiriləcək.

Malayziya universitetlərində artıq fəaliyyət göstərən beynəlxalq tələbələrlə iş üzrə bölmələrin funksiyaları genişləndiriləcək. Onlar “vahid pəncərə” prinsipi ilə çalışaraq yaşayış, tibbi xidmət, adaptasiya və hətta asudə vaxtla bağlı məsələlərin həllini öz üzərinə götürəcək.Bununla yanaşı, Ali Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən və təhsil vizaları ilə məşğul olan xüsusi qurumun prosedurları da sadələşdiriləcək. Məqsəd xarici tələbələr üçün bürokratik maneələri minimuma endirməkdir".

Hökumət Malayziya universitetlərinin xaricdə tanıdılmasına xüsusi önəm verir

"Əsas hədəf regionları Qərbi və Cənubi Asiya, eləcə də Afrika ölkələridir. Rəsmilərin fikrincə, bu regionlar böyük tələbə potensialına malikdir. Məsələn, təkcə Hindistanda 45 milyona yaxın insan ali təhsil alır və onların cəmi 1–2%-nin Malayziyanı seçməsi belə ölkənin regional ali təhsil mərkəzi statusunu möhkəmləndirə bilər.

Universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması da prioritet istiqamətlərdəndir. Son illərdə Malayziya ali məktəbləri Times Higher Education və QS kimi nüfuzlu reytinqlərdə irəliləyiş əldə edib. Bu amil xarici tələbələrin marağını artırıb və son iki ildə ölkə universitetlərinə edilən müraciətlərin sayı 26% yüksəlib.

Xarici tələbələrin sayının artırılması əsasən magistratura və doktorantura səviyyələrini əhatə edəcək. Bu, elmi tədqiqatlarda beynəlxalq komandaların formalaşdırılması və qlobal rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından vacib sayılır. Artıq ötən il Malayziya universitetlərində təhsil alan xarici tələbələrin 39 mindən çoxu məhz magistr və doktorantlar olub.

Bakalavriat səviyyəsində isə dövlət tərəfindən maliyyələşdirilən yerlərdə prioritet Malayziya vətəndaşlarına veriləcək. Bu addım gənclərin kütləvi şəkildə xaricdə təhsil almağa üz tutmasının qarşısını almaq məqsədi daşıyır.Malayziyanın ali təhsil strategiyası göstərir ki, ölkə beynəlxalq tələbələr üçün açıq, rəqəmsal və rəqabətqabiliyyətli təhsil mühiti formalaşdırmaq niyyətindədir. Qəbul prosesinin sürətləndirilməsi, tələbə yönümlü xidmətlər və universitetlərin qlobal tanıdılması Malayziyanı yaxın illərdə regionun əsas ali təhsil mərkəzlərindən birinə çevirə bilər".

Избранный
9
1
azedu.az

2Источники