RU

Analitik: Tramp İrana qarşı hərbi addımlar atmağa məcbur qalacaq...

Ekspertin fikrincə, Vaşinqtonun nüfuzu risk altındadır və bu, hərbi reaksiyanı qaçılmaz edir...

Poliqon xəbər verir ki, ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Corc Buşun administrasiyasında çalışmış Maykl Allen Fox News telekanalına müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Tramp İranda etirazların sərt şəkildə yatırılması fonunda “müəyyən hərbi addımlar” atmağa məcbur qalacaq. Onun sözlərinə görə, Tramp artıq ABŞ-nin beynəlxalq nüfuzunu ortaya qoyub və bu, real əsaslara söykənir. “Düşünürəm ki, prezident Tramp hər halda hansısa hərbi tədbirlər görməli olacaq. O, Amerikanın prestijini riskə atıb və bu, müəyyən mənada haqlıdır”, Allen qeyd edib.

Analitik vurğulayıb ki, ABŞ Tehran rejiminin əsas rəqiblərindən biri sayılır. Onun fikrincə, İran hakimiyyəti illər boyu terrorçu qruplar vasitəsilə amerikalıların həyatını təhdid edib və İraqda ABŞ əsgərlərinin həlak olmasına səbəb olub. Allen Tehrandakı mövcud hakimiyyəti “yaxşı insanlar qrupu olmayan bir rejim” kimi xarakterizə edib və Vaşinqtonun bu davranışlara cavabsız qala bilməyəcəyini bildirib.

Qeyd olunur ki, bundan əvvəl ABŞ-nin “Avraam Linkoln” aviadaşıyıcısı “Tomahavk” raketləri ilə təchiz edilmiş üç döyüş gəmisi ilə birlikdə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olan Hind okeanının qərb hissəsinə göndərilib. Eyni zamanda, ABŞ bölgədə zərbə aviasiyasını gücləndirmək məqsədilə F-15E tipli hücum təyyarələrini, eləcə də İranın qısa və orta mənzilli raketlərindən mümkün cavab zərbələrindən qorunmaq üçün Patriot və THAAD hava hücumundan müdafiə sistemlərini yerləşdirib. Hərbi ekspertlər bu addımları Vaşinqtonun İrana qarşı hərbi-siyasi təzyiqinin gücləndirilməsi kimi qiymətləndirirlər.

Poliqon.info

Избранный
22
poliqon.info

1Источники