ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Uşaqların sosial təminat hüququ müəyyənləşdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var.
Dövlət uşaqların sosial müdafiəsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial yardım göstərir. Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial xidmət müəssisələrində və evlərdə zəmanət verilmiş həcmdə ödənişsiz sosial xidmətlər göstərilir.
Yerli özünüidarəetmə orqanları uşaqlara dövlət sosial təminatından əlavə təminatlar nəzərdə tutan yerli sosial müdafiə proqramları həyata keçirirlər. Qeyri-hökumət təşkilatları dövlət sifarişləri çərçivəsində və ya öz təşəbbüsləri və maliyyə vəsaitləri hesabına uşaqların sosial müdafiəsi üzrə tədbirlər həyata keçirirlər.
Qeyd edək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib.
Nuranə Daxilqızı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.