RU

Dövlət bizi “Azərlotoreya” və “Misli” epidemiyasından qorumağı düşünürmü?

“Azərlotoreya” və “Misli”nin asılıq yaradan reklamlarına qarşı ictimai etiraz böyüyür…

Deputat: “Beynəlxalq təcrübəni nəzərə alaraq, bu sahədə daha sərt tənzimləmə mexanizmləri tətbiq olunmalı, ən azı reklamlar ciddi şəkildə məhdudlaşdırılmalı və ya vaxt aralığına uyğunlaşdırılmalıdır”.

Hazırda ölkənin reklam bazarının əsas hissəsini “Azərlotoreya” və “Misli”nin mərc oyunları və onlayn qumar reklamları təşkil edir və bu da narahatlıq doğurmaya bilməz. Bəlkə də “Azərlotoreya”da və bu biznesin arxasında duran məmurlar hesab edirlər ki, bu normal haldır, amma bu, heç də belə deyil. Çünki bir cəmiyyətdə insanlar başlarını qaldırıb ətraflarına baxdıqları, internet resurslara nəzər saldıqları zaman və televizyaya baxdıqda, radioya qulaq asdıqda ancaq qumar və asan yolla pul qazanmaq üçün şirnikləşdirici reklamlarla üzləşirlərsə, bu cəmiyyətin sağlam olduğunu və normal gələcəyə sahib olduğunu demək mümkün deyil.

Azərbaycanda artıq uzun illərdir ki, alkoqol və tütün məhsullarının reklamı qadağandır və bunu sağlamlığa dəyən ziyanla əlaqələdirir, xüsusi vurğu ilə sağlam cəmiyyətdə alkoqol və tütün məhsullarına yer olmadığını qeyd edirlər. Amma nədənsə mərc oyunları, onlayn qumar masaları ilə bağlı susurlar. Mərc oynlarının və onlayn qumar masalarının nə qədər insanların taleyini kor etdiyini, ocaqları söndürüb ailələri dağıtdığını hamımız bilirik. Bu asılıq narotik asılıq qədər təhlükəlidir və insanlara vurduğu ziyan daha böyükdür. Əgər açıq danışsaq, “Azərlotoreya”nın reklamlarının insanlara vurduğu ziyan alkoqol və tütün məhsullarının vurduğu ziyanla müqayisə olunmaz şəkildə böyükdür və bu təhlükə hər gün hər yerdə rastlaşdığımız müxtəlif tipli reklamlarla böyüdüldüyü halda, buna qarşı heç bir addım atılmır. Bu da təbii ki, narahatlıq və narazılıq yaratmalıdır və yaradır da.

Son günlər məhz bununla bağlı redaksiyamıza olunan zənglərin və müraciətlərin sayı artır. İnsanlar sadəcə maraqla və narahatlıqla soruşurlar ki, hansı səbəbdən dövlət mərc oyunlarının və qumara meylin artırılmasının bu qədər reklam olunmasına imkan verir? Niyə “Misli”nin uşaqlar və yeniyetmələr üçün əsas təhlükəyə çevrilən onlayn qumar masaları və onların reklamı qadağan olunmur? Niyə bu barədə ictimai xadimlər, deputatlar susurlar? Doğrudanmı onlar təhlükənin miqyasını görə bilmirlər?

Etiraf edək ki, artıq “Azərlotoreya” və “Misli”nin mərc oyunları və onlayn qumar reklamları Azərbaycanda epidemiya xarakterini alıb və bu epidemiyaya qarşı “karantin” elan olunmasının vaxtı çoxdan çatıb.

Poliqon-nun əməkdaşı artıq milli problemə çevriləcək qədər böyüyən məsələ ilə bağlı bir neçə deputata müraciət edərək, onların mövqeyini öyrənməyə cəhd edib. Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirik ki, adlarını çəkmədiyimiz həmin deputatlardan ancaq Razi Nurullayev bu barədə danışmaq istədi, digərləri isə sualı sadəcə cavablanmaqdan yayındılar

Razi müəllimə isə bu aktual problemlə bağlı danışmaqdan çəkinmədiyinə görə təşəkkür edirik. Qeyd edək ki, deputat Razi Nurullayev də, bizim və çoxlu sayda digər insanların narahatlıqlarını paylaşır. Deputat etiraf edir ki, doğrudan da qumar və mərc oyunlarının reklamı narahatlıq yaradır. Xüsusən bu reklamların yeniyetmələrə və həssas qruplara ünvanlanması narahatlıq doğuran məsələdir və bu qrupların qorunması dövlət üçün proritet məsələ olmalıdır.

Razi Nurullayev: “Böyük Britaniyada uşaq və yeniyetmələrin televiziya qarşısında olduğu saatlarda qumar reklamları qadağan edilib, onlayn platformalarda isə yaş yoxlaması mexanizmləri sərtləşdirilib”.

Deputat bildirir ki, İtaliya və İspaniya kimi ölkələrdə isə mərc və onlayn qumar reklamlarına demək olar ki, tam qadağa tətbiq olunub.

“Qumar və mərc oyunlarının reklamı bir çox ölkədə ciddi ictimai narahatlıq doğuran məsələdir. Beynəlxalq təcrübə göstərir ki, dövlətlər bu sahədə əsasən yeniyetmələrin və həssas qrupların qorunmasını prioritet hesab edirlər.

Məsələn, Böyük Britaniyada uşaq və yeniyetmələrin televiziya qarşısında olduğu saatlarda qumar reklamları qadağan edilib, onlayn platformalarda isə yaş yoxlaması mexanizmləri sərtləşdirilib. İtaliya və İspaniya kimi ölkələrdə isə mərc və onlayn qumar reklamlarına demək olar ki, tam qadağa tətbiq olunub, çünki bu fəaliyyət ictimai sağlamlıq və ailə dəyərləri üçün risk kimi qiymətləndirilir.

Avstraliya, Fransa və Almaniyada aparılan araşdırmalar göstərib ki, qumar reklamlarının geniş yayılması yeniyetmələrdə riskli davranışları artırır, erkən yaşda asılılıq formalaşdırır və bu da sonradan sosial və psixoloji problemlərə yol açır. Buna görə də bir çox ölkələrdə reklamın məzmununa, yayımlandığı mühitə və vaxt aralığına ciddi nəzarət edilir”, deyə deputat Poliqon-a açıqlamasında bildirib.

Razi Nurullayev qeyd edir ki, bu baxımdan Azərbaycanda mərc oyunları və onlayn qumar platformalarının geniş şəkildə və fasiləsiz reklam olunması cəmiyyətdə haqlı suallar yaradır.

“Bu baxımdan Azərbaycanda alkoqol və tütün məhsullarının reklamı qadağan edildiyi halda, mərc oyunları və onlayn qumar platformalarının geniş şəkildə və fasiləsiz reklam olunması cəmiyyətdə haqlı suallar yaradır. Xüsusilə bu platformalara yeniyetmələrin texniki baxımdan çıxış imkanının olması valideynləri ciddi şəkildə narahat edir”, deyə siyasətçi vurğulayıb.

Razi Nurullayev hesab edir ki, Azərbaycanda mərc oyunları və onlayn qumarla bağlı sərt qadağa və tənzimləmələr tətbiq olunmalı, ən azından uşaq və yeniyetmələrin bu reklamlardan təcrid olunması ilə bağlı dövlət səviyyəsində addımlar atılmalıdır.

Hesab edirəm ki, beynəlxalq təcrübə nəzərə alınaraq, bu sahədə daha sərt tənzimləmə mexanizmləri tətbiq olunmalı, ən azı reklamlar ciddi şəkildə məhdudlaşdırılmalı və ya vaxt aralığına uyğunlaşdırılmalıdır. Məqsəd hansısa sahəni zəiflətmək deyil, cəmiyyətin gələcəyini təşkil edən uşaqları və gəncləri qorumaq, ailə dəyərlərini və sosial sağlamlığı təmin etməkdir”, deyə deputat qeyd edib.

Bizim üçün maraq doğuran məsələ isə odur ki, bəs sualllar doğuran və gələcəyimiz üçün doğrudan təhlükəyə çevrilən bu məsələlərlə kim, ya da kimlər məşğul olmalıdır? Deputatlarmı, parlamentmi, hansısa digər dövlət qurumlarımı? Ümumiyyətlə isə hər gün, hər saat böyüdülən və məcburi şəkildə evimizə, ailəmizə, hamımızın beyninə yeridilən bu epidemiyaya qarşı dövlət nəsə etməyi düşünürmü?

Poliqon.info

Избранный
27
1
poliqon.info

2Источники