RU

İran–İsrail gərginliyində Bakı niyə əsas diplomatik ünvandır?

Yaxın Şərqdə geosiyasi risklərin artdığı bir dövrdə regiondan kənarda yerləşən, lakin proseslərin mərkəzində görünən ölkələrin rolu daha da ön plana çıxır. Böyük güclər və regional aktorlar arasında dərinləşən qarşıdurma təkcə birbaşa tərəfləri deyil, strateji mövqeyə malik qonşu dövlətləri də seçim qarşısında qoyur. Xüsusilə İran ətrafında formalaşan gərgin təhlükəsizlik mühiti diplomatik fəallığı artırmaqla yanaşı, balans siyasəti yürüdən ölkələrin əhəmiyyətini də yüksəldir. Məhz bu kontekstdə Azərbaycan həm regional sabitliyin qorunması, həm də rəqabət aparan tərəflər arasında həssas tarazlığın saxlanılması baxımından diqqət mərkəzinə çevrilir.


Moderator.az yaranmış geosiyasi vəziyyətlə bağlı politoloq Turan Rzayevin fikirlərini öyrənib.

Politoloq qeyd edir ki, İsrail –İran xəttində yenidən müşahidə olunan aktivlik fonunda diqqət mərkəzinə bu dəfə də Azərbaycan düşüb:

"Diqqətçəkən məqam ondan ibarətdir ki, gərginliyin artdığı bir dövrdə hər iki tərəfdən yüksək rütbəli rəsmilərin ardıcıl şəkildə Bakıya səfərləri baş tutur.


Belə ki, yanvarın 23-də İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfər edib. O, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşlər keçirib.


Bundan cəmi üç gün sonra – yanvarın 26-da isə İsrailin xarici işlər naziri Gideon Saar Bakıya gəlib. İsrailli nazir Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşərək ikitərəfli münasibətlər ətrafında müzakirələr aparıb".

Turan Rzayev bildirdi ki, baş verən proseslər fonunda bu səfərlərin diqqət çəkməsi təbiidir, lakin sürpriz hesab edilə bilməz:

"Çünki İran–İsrail münasibətlərində gərginliyin yüksəldiyi bütün mərhələlərdə Bakı hər iki tərəf üçün mühüm diplomatik ünvan olaraq ön plana çıxır. Xüsusilə də hazırkı mərhələdə İran ətrafında formalaşan təhlükəsizlik mühiti bu səfərlərə əlavə çəki verir. ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirməsi və qüvvə cəmləşdirməsi regiondakı riskləri daha da artırır.


Bununla belə, Vaşinqtonun Tehrana qarşı birbaşa hərbi müdaxiləyə və ya genişmiqyaslı müharibəyə hazırlaşdığı qənaətində deyiləm. Belə bir ssenari ABŞ üçün həm böyük maliyyə itkisi, həm də uzunmüddətli və nəticəsi qeyri-müəyyən bir proses demək olar. Hətta ən neqativ halda bu, ABŞ-ın yeni bir “Əfqanıstan bataqlığı” ilə üzləşməsi ilə nəticələnə bilər. İsrail isə fərqli mövqe tutur. Təl-Əviv açıq şəkildə İrana qarşı beynəlxalq müdaxilənin tərəfdarıdır və Tehran rejimi devrilmədən, hətta İran parçalanmadan geri addım atmaq niyyətində olmadığını gizlətmir. İran isə mümkün hücum ssenarilərinə qarşı həm daxildə, həm də regional müstəvidə hazırlıqlarını gücləndirir".

Politoloq əlavə olaraq onu da qeyd edir ki, Azərbaycanın coğrafi və geosiyasi mövqeyi onu həm İran, həm də İsrail üçün strateji baxımdan əhəmiyyətli ölkəyə çevirir:

"Ancaq hər iki dövlətin Bakıya baxışı və gözləntiləri tamamilə fərqlidir. İsrail daha çox diplomatik kanallar vasitəsilə Azərbaycanın mövqeyini ölçməyə çalışır. Gideon Saarın Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər də buna hesablanmışdı. O, İran rejiminin öz vətəndaşlarına qarşı sərt davranışlarını qabardaraq, bu cür bir hakimiyyətin kütləvi qırğın silahına sahib olmasının yolverilməz olduğunu vurğuladı.


İsrail əsas təhlükə kimi İranın nüvə silahı əldə etməsini görür və məhz bu arqument üzərindən müdaxilənin zəruriliyini önə çəkir. Eyni zamanda, İranda xüsusilə mülki əhaliyə qarşı tətbiq edilən zorakılıq Təl-Əviv tərəfindən açıq şəkildə tənqid olunur. Aydındır ki, “İran vətəndaşları” ifadəsi ilə yanaşı, bu mesajlarda Güney azərbaycanlılara da dolayı eyhamlar var və bu, Bakının həssas mövqelərinə toxunmaq cəhdi kimi qiymətləndirilə bilər. Bununla belə, İsrail Azərbaycanın üzərinə açıq təzyiq göstərmək yolunu seçmir.


Bunu Gideon Saarın səfəri çərçivəsində iqtisadi əməkdaşlıq xəttinin ön plana çıxarılması da sübut edir. ASK ilə İsrailin İstehsalçılar Assosiasiyası arasında imzalanan Anlaşma Memorandumu, eləcə də iki ölkə arasında ticarət dövriyyəsinin 360 milyon dolları keçdiyinin vurğulanması səfərin əsasən ikitərəfli münasibətlərin inkişafı kontekstində təqdim edilməsinə xidmət edirdi. Lakin istisna deyil ki, pərdəarxasında əsas məqsəd Azərbaycanın İrana mümkün müdaxilə ilə bağlı mövqeyini yoxlamaq olub.


İran tərəfinin səfərinə nəzər saldıqda isə daha fərqli yanaşma görünür. Vahid Cəlalzadənin Ceyhun Bayramovla görüşdə İrandakı son gərginlik barədə ətraflı məlumat verməsi diqqətçəkən detal idi. Tehran hər nə qədər bu prosesləri daxili məsələ kimi təqdim etsə də, Bakının İranda yaşayan soydaşların taleyinə həssas yanaşdığını yaxşı anlayır və bu səbəbdən izahat vermək zərurəti hiss edir.


Ceyhun Bayramovun İranda sabitliyin vacibliyini xüsusi vurğulaması isə Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoyur. Azərbaycan Güney azərbaycanlıların vəziyyətindən narahatdır, lakin eyni zamanda İranın daxili işlərinə müdaxilə etmir və regionda sabitliyin qorunmasında maraqlıdır.


Bu fondda Vahid Cəlalzadənin Bakıda verdiyi “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” açıqlaması isə yerində olmayan mesaj kimi dəyərləndirilə bilər. Xüsusilə belə bir bəyanatın Bakıda səsləndirilməsi Tehranın illərdir istifadə etdiyi hədə ritorikasının davamı təsiri bağışlayır.


Ümumilikdə hər iki səfər və Azərbaycanın verdiyi mesajlar göstərir ki, Bakı nə İranda gərginliyin dərinləşməsində, nə də hərbi müdaxilədə maraqlıdır. Azərbaycan bu ssenarilərin yaradacağı regional riskləri və təhlükələri aydın şəkildə görür. Xüsusilə Güney azərbaycanlıların mümkün miqrasiyası, bunun doğura biləcəyi sosial, iqtisadi və demoqrafik nəticələr Bakını ciddi narahat edir. Bununla yanaşı, Güney azərbaycanlı amili Azərbaycanın əlində hər zaman mühüm geosiyasi təsir vasitəsi olaraq qalır.


Məhz bu səbəbdən nə İsrailin pərdəarxası vədləri Azərbaycanı cəlb edir, nə də İranın sərt bəyanatları Bakını çəkindirir. Azərbaycan İsrail–İran qarşıdurmasında balanslı siyasətini qorumaqda israrlıdır. Bu yanaşma ölkənin milli təhlükəsizliyi, regional sabitlik və uzunmüddətli strateji hədəflər baxımından həlledici əhəmiyyət daşıyır".

Pərvin Şakirqızı

Избранный
10
moderator.az

1Источники