RU

"Qəbələ" rəsmisi: "Qapıçı mövqeyində problem olduğu üçün Rza Cəfərovu icarəyə götürdük"

"Qəbələ" klubu qapıçı mövqeyində problem olduğu üçün "Neftçi"yə məxsus olan Azərbaycan millisinin üzvü Rza Cəfərovu icarəyə götürüb.

Bu barədə "Report"a bölgə təmsilçisinin idman dirketoru Səbuhi Səfiyarlı açıqlama verib.

O, 22 yaşlı qolkiperin "qırmızı-qaralar"a keçidi ilə bağlı fikirlərini bölüşüb:

"Rza Cəfərov yaxşı qapıçıdır. Azərbaycan millisinin formasını geyinib. Böyük potensialı var. Bu mövsüm rəsmi oyunlarda meydana çıxmasa da, yoxlama görüşlərində oynayıb. Həm də bizim qapıçı mövqeyi ilə bağlı problem var idi. Əsas heyət üzvü Səlahət Ağayev idi, ikinci qolkiper Həbib Hüşənov isə 2007-ci il təvəllüdlüdür. Bu mövqe üçün, demək olar ki, üçüncü qolkiper yox idi. Bizə mütləq qapıçı lazım idi".

S.Səfiyarlı yeni transferin digər "çərçivə qoruyucusu" Səlahət Ağayevlə rəqabət aparacağını sözlərinə əlavə edib:

"İkisi də Azərbaycan millisində oynayıb, Səlahət Ağayev daha təcrübəlidir. Rza Cəfərov gəncdir. Kimin oynamağa daha layiq olduğu məşqlərdə müəyyənləşəcək. Heyətlə bağlı baş məşqçi qərar verəcək. Qapıçı üçün mütləq rəqabət lazımdır ki, inkişaf və sabitlik olsun. Ona görə transfer bizə çox lazım idi".

İdman direktoru mövsümün sonunda icarə müddətinin uzadılması üçün "Neftçi" klubu və qapıçı ilə danışıq olmadığını sözlərinə əlavə edib.

Qeyd edək ki, "Qəbələ" Rza Cəfərovu "Neftçi"dən mövsümün sonunadək icarəyə götürüb. Onun Bakı təmsilçisi ilə 2027/2028 mövsümünün sonunadək sözləşməsi var.

Избранный
15
far.az

1Источники