Bu günlərdə Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib. Belə ki, "Teatr və teatr fəaliyyəti haqqında" Qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən işlənilərək təsdiqlənib.
Bununla da, teatr ictimaiyyəti və cəmiyyətdə, eləcə də sosial media istifadəçilərində yeni model və onun tətbiqi, müxtəlif təyinatlı vəzifələrin ləğv edilməsi, əvəzində yeni şöbələrin yaradılması ilə bağlı suallar yaranıb.
"Far.Az" məsələnin aktuallığını nəzərə alaraq, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova ilə sözügedən mövzu ətrafında müsahibə edib:
– Dövlət teatrlarında idarəetmə sisteminin təkmilləşdirilməsindən sonra faktiki olaraq, bədii rəhbər və baş sahə mütəxəssisi, – baş rejissor, baş rəssam, – vəzifələri ləğv edilib. Bu qərar sosial şəbəkə istifadəçiləri və teatr ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Ümumiyyətlə, belə başlayaq ki, aparılan islahatlarla konkret olaraq hansı məsələlər hədəflənir?
– Dövlət teatrlarında idarəetmə strukturunun bu şəkildə yenilənməsi heç də bu günün qərarı deyil. Bu nəticəyə gəlmək üçün teatr rəhbərləri, mütəxəssislər, ayrı-ayrı komissiyalarla çoxsaylı müzakirələr aparılıb. Yəni adlarını çəkdiyiniz vəzifələrin ləğv edilməsi, əvəzində şöbələr üzrə müxtəlif vəzifələrin yaradılması da bu müzakirələr çərçivəsində diqqətdə olub.
Sualınızın ikinci tərəfinə gəlincə, deyim ki, ümumən idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinin əsas hədəfi mövcud idarəetmə sistemində, həmçinin yaradıcılıqda daha səmərəli, şəffaf, çevik və nəticəyönümlülüyə nail olmaqdır. Təbii ki, yeni mexanizmlərin məqsədi hansısa bir ştatın ləğvi deyil, işləməyən və ya zəif işləyən mexanizmlərin yaxşılaşdırılmasıdır.
– Aparılan islahatlar çərçivəsində teatrların yeni strukturunda Strategiya və kommunikasiya, Yaradıcı şöbə və Artist heyətinin idarəedilməsi şöbələri yaradılıb. Əvvəlki strukturda fəaliyyət göstərən baş rejissor, bədii rəhbər, baş rəssam kimi şəxslərin yeni şöbələrdə statusu necə müəyyənləşəcək? Bu sualı ona görə verirəm ki, mediada "Bu adamlar işsiz qaldı" başlığı ilə xəbərlərin dərc olunduğunu görürük.
– Əlbəttə ki, belə bir struktur dəyişikliyi aparılırsa, burada bütün məqamlar nəzərə alınıb. Sizin qeyd etdiyiniz vəzifə adları üzərində müzakirələr apararkən onu da nəzərə almaq lazımdır ki, bir çox teatrda həmin vəzifələr olmadan belə o istiqamətdəki problemlər öz həllini tapırdı. Lakin yeni struktura əsasən, yaradılan marketinq və layihələr üzrə mütəxəssis, qrafik dizayner və bu kimi bir sıra vəzifələr teatrın bugünkü və mütləq ehtiyacı idi.
Əlbəttə, qərarın ictimai müzakirə doğurması çox normaldır və sizə deyim ki, biz daha çox müsbət rəylərin şahidiyik. Lakin burada başqa bir məsələ də nəzərə alınmalıdır: islahat öz təsdiqini tapmadan öncə, tətbiqinə başlamazdan əvvəl teatrlarda ehtiyac olan vəzifələrlə bağlı sorğu aparılıb. Məhz onların əsasında, suallara verilən cavablar əsasında ümumi nəticəyə gəlinib və yekun qərar verilib.
Baş rejissor, baş rəssam, bədii rəhbər və bu kimi yaradıcı vəzifələrə gəldikdə isə ali ixtisas təhsilini nəzərə alınmaqla onlar yeni strukturda quruluşçu rejissor, quruluşçu rəssam və yaxud da yaradıcı şöbə müdiri kimi vəzifələrdə çalışa bilərlər. Yəni belə bir məqamda kiminsə işsiz qalmaq təhlükəsi yoxdur.
– Yaxşı, bəs necə düşünürsünüz, bədii rəhbər vəzifəsinin ləğv edilməsi teatrların yaradıcılıq xətti üçün risk yaratmırmı? Çünki bəzi spesifik teatrlar var ki, onların xüsusi repertuar siyasəti olur. Belə olan halda, teatr üçün, onun repertuarı üçün son qərarı kim verəcək?
– Gəlin məsələyə iki prizmadan baxaq. Birincisi, bu gün Azərbaycanda dövlət teatrlarının cəmi ikisində bədii rəhbər ştatı var idi – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Dövlət Pantomima Teatrında. Bu baxımdan, sualınıza cavabım: xeyr, heç bir risk görmürəm. Və sizə deyim ki, zaman-zaman bu və ya digər teatrların nümunəsində o vəzifə olmadan göstərilən fəaliyyəti izləmişik və görmüşük.
İkinci bir tərəfdən isə bədii rəhbər anlayışı üzərindən yanaşsaq, demək istədiyim odur ki, teatrın yaradıcılıq xətti, onun təyin edilməsi və irəli aparılması üçün mümkün risklər heç də bədii rəhbər vəzifəsinin vacibliyi ilə tənzimlənmir. Burada vacib olan bir çox amillər var.
Teatrın fəaliyyətini tənzimləyəcək hüquqi normativ sənədləri, həmçinin əsasnaməsini misal çəkə bilərik. Bu qayda və meyarlar fəaliyyət zamanı nəzərə alınacağı təqdirdə, repertuar siyasəti də doğru yürüdüləcək. Yəni həmin funksiyalar kollegial idarəetmə prinsipləri əsasında və yeni yaradılmış struktur bölmələri vasitəsilə həyata keçiriləcək. Burada əsas məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır. Unutmayaq ki, yeni struktura əsasən, dövlət teatrlarında yaradıcı məsələlər üzrə direktor müavini, yaradıcı şöbə müdiri kimi vəzifələr də yer alır.
– Məsələn, yaradıcı şöbə müdirinin adını çəkdiniz. Bəs bu kimi yeni şöbələrin rəhbərləri hansı mexanizmlə seçiləcək? Burada hər hansısa bir açıq müsabiqə gözlənilirmi, yoxsa birbaşa təyinat olacaq?
– Bu artıq teatrın daxili məsələsidir. Yəqin ki, tərəflər arasında razılaşma prinsipi qorunmaqla müvafiq şöbələrə təyinatlar olacaq. Yəni, indiki halda, hansısa bir müsabiqəyə ehtiyac yoxdur.
– İlk baxışdan belə görünür ki, son dəyişikliklər yaradıcılıqdan daha çox idarəetməni ön plana çıxarır. Bəs teatrlardakı repertuar məsələləri, yaradıcı inkişaf üçün lazımi nəzarət, yönvermə kimi məsələlər necə olacaq? Nəzərə alsaq ki, teatrlarımızın repertuarı tez-tez tənqid olunur.
– Yox, islahatlarda yaradıcılıqdan daha çox idarəetmənin ön plana çıxarılması məsələsində sizinlə razı deyiləm. Bəli, idarəetmədə yaradıcılıq prinsipləri qorunmalıdır, çünki burada söhbət teatrdan gedir və teatrda idarəetmə birbaşa yaradıcı prosesə xidmət edir. Teatrın məhsulu nədir? Yaradıcılıq və tamaşa. Demək, islahatlarda məhz prioritet yaradıcılıq olmalıdır, bizim də etdiyimiz budur. Yəni bir daha təkrar edirəm, idarəetmə sistemindəki dəyişikliyin məqsədi yaradıcılığın daha çevik, səmərəli və nəticəyönümlü olmasıdır.
– Paytaxt teatrları ilə müqayisədə region teatrlarında mənzərə bir az fərqli görünür. Çünki region teatrlarında kadr və infrastruktur problemləri var. Yaxşı, bəs yeni modelin region teatrlarında tətbiqi necə olacaq: mərhələli, yoxsa necə?
– Əslində, yeni modelin mərhələli şəkildə tətbiqindən söhbət getmir. Çünki hazırkı modelin ümumilikdə 23 dövlət teatrında tətbiq olunması nəzərdə tutulub. Təbii ki, buraya region teatrları da daxildir. Bu gün tətbiq olunan yeni modelin nəticəsini isə şübhəsiz, bir neçə müddətdən sonra görəcəyik və buna mütləq zaman lazımdır. Biz ümumən prosesin tətbiq olunduğu ilkin dövrü keçid mərhələsi adlandıra bilərik.
– Azərbaycanda teatr prodüserliyi anlayışından da danışmaq istəyirəm. Çünki bu sahə bizdə faktiki olaraq formalaşmayıb. Yeni idarəetmə modelində prodüserlik institutunun yaradılması və ya bu fəaliyyətin tətbiqi nəzərdə tutulurmu?
– Haqlısınız. Azərbaycanda teatr prodüserliyi hələ tam formalaşmayıb. Amma deyim ki, onun institutlaşdırılması istiqamətində müəyyən addımlar atılır. İdarəetmənin və sənət sahəsinin modernləşdirilməsi çərçivəsində prodüserlik fəaliyyətinə dəstək verilməsi istiqamətində müəyyən təşəbbüslər var. Gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alması, eyni zamanda müxtəlif istiqamətlər üzrə təlim kursları və beynəlxalq təcrübə proqramlarında iştirakı hər zaman diqqətdə saxlanılır.
Bu mənada, Prezident İlham Əliyevin 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası ilə bağlı sərəncamı xüsusi əhəmiyyət daşıyır. Həmin Strategiyada nəzərdə tutulan Mədəniyyət Nazirliyinin "Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" çərçivəsində incəsənət sahəsinin, demək olar ki, bütün istiqamətləri üzrə təhsil maliyyələşdirilir, o cümlədən teatr prodüserliyi də. Biz nazirlik olaraq hər zaman dövlət teatrlarının əməkdaşlarını və incəsənət istiqamətli ali təhsil müəssisələrində təhsil alan gəncləri, yeni məzun olanları bu təqaüd proqramı çərçivəsində bakalavriat və magistratura səviyyəsində təhsil almağa səsləyirik. Təəssüf ki, sırf mədəniyyət sahəsində idarəetmə və teatr prodüserliyi üzrə hələ ki müraciət daxil olmayıb.
– Dramaturq–teatr əməkdaşlığı da hazırda qənaətbəxş səviyyədə deyil. Yeni mərhələdə müasir dramaturgiyanın teatrlara cəlb olunması və bu əlaqənin gücləndirilməsi istiqamətində konkret təşəbbüslər gözlənilirmi?
– Əvvəlcə onu qeyd edim ki, Mədəniyyət Nazirliyi dramaturgiyanın inkişafı xəttinə diqqət ayırmaq, teatrları yeni müasir dramaturji materiallarla təmin etmək məqsədilə vaxtaşırı pyes müsabiqələri keçirir. Bu pyes müsabiqələrində yaradıcı potensialına görə fərqlənən gənclərin əsərlərinə dövlət teatrlarında quruluş verilir və bu gün də həmin tamaşalar teatrların repertuarlarında oynanılır. Məsələn, Ülviyyə Heydərova, Pərviz Seyidli, Şəbnəm Xeyrulla və digər gənc və müasir dramaturqlar müsabiqədə yer tutanlardandır ki, onların da pyesləri teatr repertuarında yer alır.
Gələcək üçün konkret təşəbbüslərə gəlincə, bəli, bu sahənin inkişafının dövlət proqramları çərçivəsində həyata keçirilməsi planlaşdırılır. Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyası çərçivəsində Azərbaycan dilinin və ədəbiyyatının, həmçinin incəsənətinin inkişafı ilə bağlı dövlət proqramlarının layihəsinin hazırlanması nəzərdə tutulur. Bu proqram layihəsində də, yəqin ki, dramaturgiya və teatr haqqında həyata keçirilməsi zəruri olan məsələlər əksini tapacaq.
– Mədəniyyət Konsepsiyasına toxundunuz. Aydın məsələdir ki, teatryönümlü islahatlar da məhz "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasından irəli gəlir. Bu sənəd çərçivəsində yaxın illərdə teatr sahəsində başqa hansısa hüquqi və institusional dəyişikliklər planlaşdırılırmı?
– Əvvəlcə onu xatırladım ki, "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının ümumilikdə 3 mərhələli tədbirlər planları əsasında həyata keçirilməsi planlaşdırılır. Bu, 2026–2030, 2031–2035 və 2036–2040-cı illəri əhatə edəcək. Konsepsiyanın prioritet istiqamətlərindən biri də məhz mədəniyyət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsidir ki, bu teatra da şamil edilir. Digər hüquqi və institusional dəyişikliklərə gəlincə, "2026–2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı"na əsasən, Mədəniyyət sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.
– Son olaraq, islahatlar çərçivəsində müstəqil teatrlara dəstəklə bağlı nəsə varmı?
– Əlbəttə. Lakin buna qədər qeyd edilməlidir ki, müstəqil teatrların fəaliyyəti Mədəniyyət Nazirliyi tərəfindən daimi və xüsusi diqqətlə izlənilir. Hətta müraciət edən teatrlara mövcud imkanlar yaradılır və müvafiq dəstəklər də göstərilir. "2026–2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı"na əsasən də, dövlət teatrları ilə yanaşı, özəl teatr fəaliyyətinin də təkmilləşdirilməsi nəzərdə tutulur. Məhz bu mərhələdə müstəqil teatrlara maliyyə dəstəyi mexanizmləri də düşünüləcək.