Xəzər dənizinin, o cümlədən Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş Dövlət və Milli proqramların icrası ilə əlaqədar son bir neçə il ərzində aidiyyəti dövlət orqanları tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Bu sözləri Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, ölkə Prezidenti neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kanalizasiya, tullantı sularının idarə olunması və xüsusilə Bakı buxtasının təmizlənməsi üçün davamlı olaraq müvafiq tapşırıqlarını və görüləcək işlər haqqında tövsiyələrini vermişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması ilə əlaqədar aidiyyəti qurumlar qarşısında dəfələrlə məsələ qaldırmışdır:
"Belə ki, yanvarın 27- də Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyətinə həsr olunmuş iclas faktiki olaraq uzun illərdi müzakirə olunan ,lakin sistemli şəkildə həllinə başlanmayan bir problemin dövlər səviyyəsində açıq şəkildə etirafı kimi qiymətləndirilə bilər.Köhnə neft quyularının və estakadaların ləğvi, Bakı buxtasında çirklənmənin aradan qaldırılması ilə bağlı verilən tapşırıqlar həm ekoloji, həm sosial, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır".