RU

“Azərbaycan dilinin tarixi” kitabı işıq üzü görüb

Bakı, 28 yanvar, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımovun “Azərbaycan dilinin tarixi ” kitabı çap olunub.

Bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan məlumat verilib.

Bildirilib ki, institutun elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor Sevil Mehdiyeva və dosent Təranə Şükürlüdür.

Azərbaycan dilinin tarixinin öyrənilməsi hər zaman diqqət mərkəzində olub. Kitabda fonetik, leksik və qrammatik sistemində baş verən dəyişikliklər, dil vahidlərinin inkişaf tarixi, eləcə də onların ilkin formaları müqayisə və qarşılaşdırmalar şəklində verilir.

“Azərbaycan dilinin tarixi” kitabı Azərbaycan dilinin və türkologiyanın son nailiyyətlərinə əsasən yazılıb. Yeni kitabda Azərbaycan dili tarixi üzrə həm nəzəri, həm də praktik materiallar əsas yer tutur. Dərs vəsaiti praktik tapşırıqlar toplusu formasında təqdim olunur. Nəzəri hissədə dil tarixi anlayışı izah edilir və Azərbaycan dili tarixinin öyrənilməsinin həm ədəbi dil, həm diaxron qrammatika üçün məqsəd və əhəmiyyəti aydınlaşdırılır.

Kitabda dilçilik elminin əsas kateqoriyalarından olan etnik dil, ümumxalq dili, ədəbi dil, dialekt və şivələr anlayışlarına xüsusi yer ayrılır.

Azərbaycan dilinin formalaşmasında qədim türk tayfalarının və dillərinin rolu əsaslandırılır. Qədim abidələrin, klassik şairlərimizin dilindəki ümumi və fərqli cəhətlər müəyyənləşdirilir. Azərbaycan ədəbi dilinin inkişafına təsir edən amillər qeyd olunur. Azərbaycan dilində əlifba dəyişikliklərinin (ərəb-latın-kiril-latın) səbəbləri göstərilir. Praktik cəhətdən verilmiş mətnlər tarixi-linqvistik baxımdan təhlil olunur.

Kitab 4 bölümdən ibarətdir. Birinci bölümdə “Azərbaycan dilinin diaxron fonetikası”, ikinci bölümdə “Azərbaycan dilinin tarixi leksikologiyası”, üçüncü bölüm “Azərbaycan dilinin diaxron morfologiyası”, dördüncü bölümdə “Azərbaycan dilinin diaxron sintaksisi” əhatə olunur.

Yeni nəşr tələbələr, magistrlər, doktorantlar, dilçi mütəxəssislər, Azərbaycan dilinin tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.

Избранный
18
azertag.az

1Источники