
Xəbər verdiyimiz kimi, uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir. Bu məsələ yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub. Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər.
Mövzu ilə bağlı Missiya.Az-a danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, uşaqların dini etiqada məcbur edilməsi hüquqi bir anlayış kimi səslənsə də, mahiyyətində çox dərin dini, psixoloji və tərbiyəvi bir məsələ dayanır:
"Bu məsələ bir tərəfdən insan azadlığını qoruyan müasir hüquqi yanaşmanı əks etdirir, digər tərəfdən isə əslində İslamın ruhu ilə ziddiyyət təşkil etmir. Çünki Qurani Kərim açıq şəkildə bildirir ki, iman məcburiyyətlə yaranmır. “Dində məcburiyyət yoxdur. Artıq haqq yol azğınlıqdan aydın şəkildə ayrılmışdır” buyurulur. Bu ayə təkcə qeyri müsəlmanlara deyil, eyni zamanda iman prosesinin mahiyyətinə işarə edir. İman daxili qəbulun nəticəsidir, zorakılığın yox. Heç bir uşaq hansısa inanca məcbur edilməməlidir.
Uşaq psixologiyası baxımından da bu məsələ çox həssasdır. Uşaq hər şeyi ağıl süzgəcindən deyil, duyğu və təcrübə süzgəcindən keçirir. Əgər din ona qorxu, cəza, hədə və məcburiyyət dili ilə təqdim edilərsə, onun şüurunda din sevgi ilə deyil, təzyiq ilə bağlanır. Quranda peyğəmbərlərin üsulu məhz bunun əksidir. Allah Rəsulu insanlara dini zorla qəbul etdirməmiş, əksinə, hikmət və gözəl nəsihətlə dəvət etmişdir. Quranda buyurulur: “Rəbbinin yoluna hikmətlə və gözəl öyüdlə çağır.” Burada çağırmaq var, sürükləmək yoxdur. Dəvət var, məcburiyyət yoxdur",- deyə ilahiyyatçı qeyd edib.
İlahiyyatçı vurğulayıb ki, hədislərdə də bu incəlik açıq görünür:
"Peyğəmbər uşaqlarla münasibətdə mərhəməti və tədriciliyi əsas götürmüşdür. O, uşaqları namaza öyrətməyi tövsiyə edərkən belə, mərhələ prinsipini qoymuşdur. Yəni müəyyən yaşdan sonra alışdırmaq, tərbiyə etmək, nümunə olmaq. Bu o deməkdir ki, məqsəd şüur formalaşdırmaqdır, qorxu yaratmaq yox. Klassik alimlər bu mövzuda belə demişlər ki, iman təqlidlə başlaya bilər, amma məcburiyyətlə davam etməz. İmam Qəzzali yazır ki, uşağın qəlbi boş bir torpaq kimidir, ora nə əkilərsə bitər. Əgər ora din sevgi ilə əkilərsə, din məhəbbət olaraq cücərər, əgər ora din qorxu ilə əkilərsə, din yaraya çevrilər.
Müasir psixologiya da bu mövzuda klassik alimlərin dediklərini elmi dillə təsdiqləyir. Uşaq məcbur edildiyi şeyə qarşı daxildən müqavimət yaradır. Bu müqavimət bəzən açıq üsyan, bəzən isə səssiz uzaqlaşma formasında üzə çıxır. Yeniyetməlik dövründə isə bu daha aydın görünür. Bir çox hallarda valideynlər dindən uzaqlaşmanı xarici təsirlərlə izah edirlər, amma əsas səbəblərdən biri uşaqlıqda dinin sərt və qadağalar üzərindən öyrədilməsi olur. Uşaq Allahı sevən bir varlıq kimi deyil, cəzalandıran bir güc kimi tanıyırsa, təbii ki, böyüdükcə Ondan qaçmaq istəyir.
Burada incə bir fərqi də ayırmaq lazımdır. Məcbur etməmək tərbiyə verməmək demək deyil. İslam uşağı başıboş buraxmağı yox, şüurlu şəkildə yönləndirməyi əmr edir. Valideyn nümunə olur, sevdirir, izah edir, gözəlliyini göstərir. Quranda Loğmanın oğluna nəsihətləri bu baxımdan çox mənalıdır. O, oğluna əmr etmir, ona xitab edir, səbəb izah edir, qəlbinə yol tapır. “Ey oğlum” deyə başlayan bu nəsihətlərdə nə zor var, nə təhdid. Orada ağıl var, sevgi var, məsuliyyət var",- Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, müasir yanaşmalar da göstərir ki, dini tərbiyə məhz ailədə, amma yumşaq və təbii mühitdə formalaşmalıdır. Uşaq namazı valideyninin namazından öyrənir, dürüstlüyü valideyninin dürüstlüyündən görür, Allah anlayışını valideyninin davranışında hiss edir. Əgər ata ananı aldadırsa, amma uşağa Allahdan danışırsa, bu, uşağın zehnində ziddiyyət yaradır. O zaman problem dində yox, təqdimatdadır.
Beləliklə, uşaqların dinə etiqad etməyə məcbur olunmasının qadağan edilməsi onları avtomatik olaraq dindən uzaqlaşdırmır. Əksinə, çox vaxt məcburiyyət onların uzaqlaşmasının əsas səbəbinə çevrilir. Din sevgi ilə tanıdıldıqda, ağıl və qəlb birlikdə işlədikdə, uşaq onu öz seçimi kimi qəbul edir. Seçilmiş iman məcbur edilmiş itaətdən qat qat güclüdür. Qurani Kərimin məqsədi də məhz budur. Şüurlu mömin yetişdirmək, qorxudulmuş insan yox.
Din irs kimi ötürülə bilər, amma iman yalnız qəlbdə yaranar. Qəlbə yol isə zorla yox, mərhəmətlə açılar. Bu prinsip həm Qurana uyğundur, həm peyğəmbər üsuluna, həm klassik alimlərin baxışına, həm də müasir elmin gəldiyi nəticəyə uyğundur. Bu səbəbdən uşağa dini məcbur etmək yox, dini sevdirmək əsasdır. Çünki sevilən din qalıcı olur, qorxudulan din isə bir gün tərk edilir.
İlahiyyatçının fikrincə, indi cəmiyyətdə bu barədə çox qarışıqlıqlar olduğu üçün valideynlər uşaqlarını düzgün yönləndirə bilmirlər:
"Belə halda ən yaxşı uşaqları öz düşündüklərini deməyə yönləndirmək, onlara sərbəstlik vermək, onlara dinin gözəlliklərini elmi şəkildə izah etmək, onların özlərini yönləndirmək lazımdır kiz doğru ilə səhvi özləri seçib nəticə əldə edə bilsinlər. Mən nə qədər dinə məcbur edilmiş uşaqlar tanıyıram ki, onlar böyüdükdən sonra səhv istiqamətlərə yonəlirlər. Valideyndən gizlin bəzi xoşagəlməz vərdişlərə yonəlirlər. Ona görə də uşaqları elmə, təhsilə, oxumağa, aydınlanmağa yönəltmək daha məqsədə uyğundur. Onsuzda özü müəyən yaşdan sonra öz seçimini edəcəkdir",- deyə Əkrəm Həsənov əlavə edib.
Seyranə QuliyevaMissiya.Az