“Qarabağ”ın UEFA turnirində hazırda 10 xal toplaması və evdə “Ayntraxt Frankfurt” üzərində 3:2 hesablı qələbə qazanması komandanın bu mərhələdə nə qədər iddialı olduğunu açıq şəkildə göstərir. Bu nəticə təkcə turnir cədvəli baxımından deyil, eyni zamanda psixoloji üstünlük baxımından da son dərəcə önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu Vaqif Cavadov deyib.
Onun sözlərinə görə, belə oyunlar komandanın özünəinamını artırır və növbəti qarşılaşmalara daha hazırlıqlı çıxmasına şərait yaradır: "Səfərdə “Liverpul”a qarşı keçiriləcək oyun isə təbii ki, tamamilə fərqli səviyyədə sınaq olacaq. “Liverpul” öz meydanında yüksək temp, aqressiv pressinq və sürətli hücumlarla oynayan komandadır. Bu səbəbdən “Qarabağ”ın həmin matçda daha kompakt müdafiə olunması, xətlər arasında məsafəni minimuma endirməsi və əks-hücum imkanlarından maksimum səmərəli istifadə etməsi vacib olacaq. Qrupdan çıxmaq şanslarına gəldikdə isə, hazırkı vəziyyət “Qarabağ” üçün kifayət qədər ümidvericidir. 10 xal komandaya real üstünlük verir və hətta səfərdə minimal nəticə belə bu şansları qoruyub saxlaya bilər. Burada əsas məsələ oyun planına sadiq qalmaq və emosional təzyiqə uymamaqdır. Xüsusilə “Ayntraxt Frankfurt” üzərində qazanılan qələbə göstərdi ki, “Qarabağ” artıq Avropa səviyyəsində oyun intizamı və taktiki yetkinlik baxımından stabil komandaya çevrilib.
Eyni zamanda, orta xəttdə topa nəzarət və keçid oyunları həlledici rol oynayacaq. “Qarabağ” topu nə qədər özündə saxlaya bilsə, “Liverpul”un tempini aşağı salmaq bir o qədər mümkün olacaq. Standart vəziyyətlər və fərdi ustalıq da bu cür matçlarda nəticəyə ciddi təsir göstərə bilər. Ümumilikdə, “Qarabağ”ın bu mövsüm göstərdiyi oyun onu deməyə əsas verir ki, komanda yalnız qrup mərhələsində iştirak edən deyil, real şəkildə mərhələ keçmək uğrunda mübarizə aparan kollektivdir. Səfərdə “Liverpul”la oyun çətin olsa da, düzgün taktiki yanaşma və maksimum konsentrasiya ilə “Qarabağ” tarixində növbəti uğurlu Avropa səhifəsini yaza bilər".