RU

İran təhdid etdi: “Ailələrinizlə vidalaşın”

ABŞ və İran arasında sürətlə artan hərbi gərginlik və qarşılıqlı sərt təhdidlər Yaxın Şərqi real müharibə təhlükəsi ilə üz-üzə qoyub, tərəflər artıq mümkün dəqiq raket və hava zərbələrinə hazırlıq mərhələsinə keçib.

“Yeni Sabah” Qərb mətbuatına istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə mühərrikli USS Abraham Lincoln təyyarədaşıyan gəmisi təcili şəkildə Sakit okeandan Yaxın Şərqə göndərilib və Oman dənizində döyüş mövqeyi alıb.

Gəmi tərkibində F/A-18E Super Hornet və F-35C Lightning II daxil olmaqla 48 döyüş təyyarəsi daşıyan aviazərbə qrupu ilə hərəkət edir.

Gəmini 6 ədəd Arleigh Burke sinifli raket destroyeri - raketlərlə silahlanmış və həm dəniz, həm də sahil hədəflərinə zərbə endirə bilən hərbi gəmilərdir - müşayiət edir. Bu destroyerlərdə ümumilikdə 300-dən çox Tomahawk raketi yerləşdirilə bilir. Bundan əlavə, Ohio sinifli nüvə sualtı qayığının da bölgəyə hərəkətdə olduğu bildirilib ki, ümumi raket potensialı 500-ə yaxınlaşa bilər

“Banking News” nəşrinin yazdığına əsasən, İran Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əli Şəmxani qarşıdakı 24 saat ərzində Basra körfəzində ciddi hərbi eskalasiyanın mümkün olduğunu bildirib və ABŞ qüvvələrinə “ABŞ əsgərləri ailələri ilə vidalaşsın”, - deyə açıq mesaj verib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Hörmüz boğazının tam nəzarət altında olduğunu bəyan edib və İran əleyhinə istifadə olunacaq hava, quru və dəniz sahələrinin düşmənçilik aktı sayılacağını açıqlayıb.

İran 27-29 yanvar tarixlərində Hörmüz boğazı ətrafında real döyüş sursatları ilə genişmiqyaslı hərbi təlimlər keçirəcəyini açıqlayıb və bu səbəbdən NOTAM (hava məkanında təhlükəsizlik səbəbilə tətbiq olunan rəsmi uçuş xəbərdarlığı) yayımlayıb.

Eyni zamanda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) regionda çoxgünlük geniş hava təlimləri təşkil edəcəyini elan edib. ABŞ İspaniyanın Moron və Rota bazalarına KC-135 yanacaq doldurma təyyarələri yerləşdirib – bu addım B-2 Spirit strateji bombardmançılarının döyüş hazırlığına gətirilməsi kimi şərh olunur.

Böyük Britaniya Qətər və Səudiyyə Ərəbistanına Typhoon qırıcıları, ABŞ isə İordaniyada F-15E Strike Eagle təyyarələrinin sayını 36-ya çatdırıb (Banking News). Yanvar ayının ortalarından bu yana ABŞ-ın Yaxın Şərqə ən azı 44 ağır hərbi nəqliyyat uçuşu həyata keçirdiyi bildirilib.

İsrailin baş naziri Beniyamin Netanyahu İranın mümkün hücumunun “tarixi səhv” olacağını bildirərək, belə bir addımın İranın indiyədək görmədiyi miqyasda cavabla qarşılanacağını bəyan edib.

Qeyri-rəsmi mənbələrə görə, Çinə məxsus 48 hərbi nəqliyyat təyyarəsi qısa müddətdə İrandakı müxtəlif bazalara eniş edib. Bu uçuşlarda elektron müharibə sistemləri, uzun mənzilli HHM raketləri və gəmiəleyhinə silahlar daşındığı iddia olunur.

Rusiya mediası isə İran və Rusiyanın birlikdə qitələrarası ballistik raket sınağı keçirdiyini yazıb. Məlumat rəsmi şəkildə təsdiqlənməsə də, təkzib olunmayıb.


Telegram kanalımız
Избранный
49
yenisabah.az

1Источники