Şimali Koreya lideri Kim Çen In son raket sınaqlarından sonra ölkənin nüvə potensialını “növbəti mərhələyə” daşıyacaq planların yaxın vaxtlarda açıqlanacağını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Kim bu planı hakim İşçi Partiyasının qarşıdakı həftələrdə keçirilməsi planlaşdırılan qurultayında açıqlayacaq.
Dövlət mediası KCNA-nın məlumatına görə, Kim son raket sınağının düşmənlər üçün “dözülməz ruhi iztirab mənbəyi" olacağını qeyd edib.
Beş ildən sonra ilk dəfə keçiriləcək və “tarixi” kimi dəyərləndirilən qurultay ərəfəsində Kim ölkənin raket istehsalı gücünün genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı tapşırıqlar verib.
Kim vurğulayıb ki, qurultayda Şimali Koreyanın nüvə müharibəsi üçün çəkindirici gücünü daha da artıracaq yeni yol xəritəsi müəyyənləşdiriləcək.
KCNA-nın yaydığı məlumata görə, Kim yüksək vəzifəli rəsmilərlə və azyaşlı qızı ilə birlikdə “yüksək kalibrli” çox lüləli reaktiv yaylım atəşi sisteminin sınaq atışını izləyib. Dörd raketin buraxıldığı sınaqda mərmilər 358 kilometr uzaqlıqdakı dəniz hədəfini vurub.
Kim sınağın ölkənin “strateji çəkindiricilik potensialının artırılması baxımından böyük əhəmiyyət daşıdığını” vurğulayıb. Dövlət mediasında yayımlanan fotolarda Kimin Ju Ae adlı qızı ilə birlikdə buraxılışı izlədiyi görünür.
Məlumata görə, raketlər Yaponiya dənizi istiqamətində buraxılıb. Yaponiya Müdafiə Nazirliyinin mənbələrinə istinadən yayılan xəbərlərdə iki raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyü qeyd olunub.
Mütəxəssislərin fikrincə, Pxenyan bu addımla Vaşinqtona hərbi cavab imkanlarının yeni səviyyəyə çatdığı mesajını verməyə çalışır. Kim ötən ay Cənubi Koreyanın ABŞ ilə birgə nüvə sualtı qayıq layihəsi təşəbbüsünü də “cavab verilməli olan təhdid” kimi qiymətləndirmişdi.