RU

7 övlad, 25 nəvə, 9 nəticə, 15 kötücəli Cəfərovlar ailəsindən REPORTAJ

Naxçıvan, 28 yanvar, Nail Əsgərov, AZƏRTAC

Şərur rayonunda qışın şaxta-boranına baxmayaraq, bir ocağın hərarəti insanın qəlbini isidir. Bu istilik təkcə yanar sobadan deyil, ömürlərinin ahıl çağında olan iki insanın bir-birinə bəslədiyi tükənməz sevgidən qaynaqlanır.

AZƏRTAC-ın bölgə müxbiri Şərurun Həmzəli kəndində məskunlaşan uzunömürlü Cəfərovlar ailəsinin qonağı olub. Müxbirimiz bu nurani cütlüyün 63 illik sevgi hekayəsinin, illərə meydan oxuyan ailə səadətinin sirlərini öyrənməyə çalışıb.

Səfər Cəfərov 1941-ci ildə Şərur rayonunun Şahbulaq kəndində anadan olub. Ondan 6 yaş kiçik Gülüzar xanımla ömür yolları isə 1965-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında birləşib. Bir il sonra ilk övladlarının dünyaya gəlməsi ilə ailənin səadət bağı daha da möhkəmlənib. Dərələyəz mahalında bir neçə il yaşadıqdan sonra, 1969-cu ildə Şərur rayonunun Həmzəli kəndinə köçən gənclər əl-ələ verib zəhmətə qatlaşaraq özlərinə gün-güzəran yaradıblar. İllər ötdükcə Cəfərovlar ailəsi daha da böyüyüb, bu ocaqda körpə səsləri bir-birini əvəzləyib...

Bu gün artıq Səfər baba ilə Gülüzar nənənin 7 övladı, 25 nəvəsi, 9 nəticəsi və 15 kötücəsi var. Səfər baba uzunömürlü ailənin sirrini qarşılıqlı sevgi və hörmətdə, böyük sözünə qulaq asmaqda görür. O, bu barədə danışaraq deyir: “Həyatımızı sevgi və hörmət üzərində qurmuşuq. Deyirlər ki, bir binanın təməli möhkəm olsa, özü də möhkəm olar. Sevgi də elədir. Təbii olaraq, gənclik illəri asan keçmir, insan həm zəhmət çəkir, həm də böyüyür. Böyümək deyəndə təkcə yaş cəhətdən deyil, həyatın acısını, şirinini yaşamaqla kamilləşməyi nəzərdə tuturam. Biz də həyat yoldaşımla birgə çox çətinliklər, əziyyətlər gördük, amma yenə də ayaqlarımız üzərində durduq. Əsas məsələ odur ki, süfrəmizə haram qatmadıq, halal çörəklə yaşadıq".

Səfər baba bildirir ki, onların zamanında gənclər arasında tanışlıq, ünsiyyət məktub vasitəsilə mümkün idi. O da Gülüzar xanımla məhz bu cür tanış olub, daha sonra böyüklər elçi gedərək, gənclər arasında ailə bağlarını bütünləşdiriblər. Deyir ki, mehribanlıq, səmimiyyət, xoş ünsiyyət olan ocaqdan xeyir-bərəkət əskik olmaz. Təbii ki, hər bir ailədə müəyyən məsələlərdə kiçik də olsa, anlaşılmazlıq yarana bilər. Ancaq bütün məsələlərdə ortaq məxrəcə gəlmək lazımdı, başqa sözlə, evdə kişinin sözü qadının, qadının sözü kişinin boğazından keçməlidir: “Ən əsası isə valideyn sözünə hörmət edilməli, verilən tövsiyələrə əməl olunmalıdır. Təəssüf ki, indiki gənclər çox həssasdırlar, hər kiçik sözü böyüdürlər. Əvvəlki dövrlərdə belə deyildi”.

“Ailəmizin belə uzunömürlü olması həm də Gülüzarın sayəsindədir, onun mənə olan sevgisi və sonsuz hörməti ilə bağlıdır. Mən təkbaşına bu qədər işin öhdəsindən gələ bilməzdim. Gülüzar bu illər ərzində mənə təkcə həyat yoldaşı deyil, həm də ən yaxın sirdaş, arxa-dayaq olub”, – deyə Səfər baba gülümsəyərək bildirir.

Gülüzar nənə əslən Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Deyir ki, Səfər kişi ilə ailə həyatı quranda 18 yaşı olub. Şərura həyat yoldaşı və 2 övladı ilə köçüb gəliblər: "Əziyyətimiz çox olub. Gecələr yatmamışıq, lampa işığında bu evi kərpiç-kərpiç tikib qurtarmışıq. İşləmişik, zəhmət çəkmişik ki, heç kimə möhtac olmayaq. 7 övladımızı birgə böyütmüşük, oxutmuşuq. Nəvə-nəticə sahibi olmuşuq. Heç vaxt bir-birimizi incitməmişik. Bu gün də can deyib, can eşidirik".

Söhbət zamanı Səfər baba və Gülüzar nənənin simasındakı nur, bir-birinə baxışlarındakı mehribanlıq illərin yorğunluğunu da yox edir. İndi onların ən böyük sərvəti illər boyu zəhmətlə ucaltdıqları bu ocağın başına toplaşan nəvə-nəticələrinin sevinc dolu səsidir. Çətinliklərdən keçib gələn bu ömür yolu sübut edir ki, sadiqlik və dözüm olan yerdə zaman sevgini qocalda bilmir. Həmzəli kəndinin bu örnək ailəsi ilə sağollaşıb ayrılarkən qulağımızda Səfər babanın son tövsiyəsi səslənir: "Xoşbəxtlik uzaqda deyil, bir-birinizin qədrini bilməkdədir". Bu nurani cütlük sanki öz varlıqları ilə Şərurun qarlı qışına yaz istisi gətirir.

Избранный
50
1
azertag.az

2Источники