RU

Kipr türklərinin və yunanlarının liderləri BMT baş katibinin şəxsi elçisinin iştirakı ilə danışıqlar aparıblar

Ankara, 28 yanvar, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman yanvarın 28-də adanın yunan icmasının lideri Nikos Xristodulidis ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, BMT missiyasının nəzarətində olan bufer zonada baş tutan görüş təxminən iki saat davam edib.

Müzakirələrin yekunlarına dair yayılan birgə bəyanatda bildirilir ki, görüş iştirakçıları danışıqlar prosesinin bərpası üzrə Yol xəritəsinin hazırlanmasına dair təkliflər mübadiləsi aparıblar. Etimad mühitinin möhkəmləndirilməsi təşəbbüsləri üzrə işlərin gedişi nəzərdən keçirilib, tərəflərin əldə etdiyi irəliləyiş müzakirə olunub.

BMT baş katibinin Kipr üzrə nizamlanma məsələləri üzrə şəxsi elçisi, Kolumbiyanın keçmiş xarici işlər naziri Mariya Anhela Olqin Kuelyar bu cür görüşlərin tərəflərin narahatlıqlarını və ümidlərini ifadə etməsi, həmçinin adada birbaşa dialoqun davam etdirilməsi baxımından həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, iki liderin əvvəlki görüşü ötən il dekabrın 11-də bufer zonada keçirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
50
1
azertag.az

2Источники