Fransa parlamentinin yuxarı palatasının sabiq üzvü, 68 yaşlı Joël Guerriau həmkarını narkotik maddə ilə zəhərlədiyinə görə dörd il müddətinə azadlıqdan məhrum edilib. O, aşağı palatanın deputatını şampana ekstazi qataraq onunla cinsi münasibətə girməyə cəhd etməkdə təqsirli bilinib. Hökm çərşənbə axşamı axşam saatlarında elan olunub. Bu barədə aparıcı Fransa KİV-ləri, o cümlədən Le Monde xəbər verib.
İş materiallarına əsasən, 2023-cü ildə Guerriau Fransa Milli Assambleyasının 50 yaşlı deputatı Sandrin Jossunu Parisdəki mənzilində qonaq edərkən ona narkotik maddə qatılmış şampan təklif edib. Hadisə zamanı onlar mənzildə tək olublar. Plan uğursuz alınıb: qadın özünü kəskin şəkildə pis hiss etsə də, senatorun mənzilindən qaçmağa nail olub.
Yerlı mətbuatda “Guerriau işi” kimi tanınan bu hadisə ictimaiyyətdə böyük rezonans doğurub. Bunun səbəbi yalnız işdə parlamentarilərin iştirak etməsi deyil, həm də Fransanın hələ də Jizel Peliko işi ilə sarsılmış olmasıdır. Həmin işdə qadının əri onu illər boyu huşsuz vəziyyətə salaraq dostlarına təcavüz etdirmişdi.
Məhkəmədə Guerriau öz günahını etiraf etməyib və iddia edib ki, təsadüfən Sandrin Jossuya özü üçün hazırladığı qədəhi verib. Lakin məhkəmə bu izahı inandırıcı hesab etməyib. Araşdırma zamanı onun kompüterində narkotik maddələrin zorlamalarda istifadəsi ilə bağlı çoxsaylı internet axtarışları aşkar edilib.
Bununla belə, hökm elan olunduğu gün keçmiş senatorun vəkilləri məhkəmə qərarından apellyasiya şikayəti veriblər. Bu isə o deməkdir ki, Guerriaunun həbsxanaya göndərilməsi hələlik təxirə salınıb.