ain.az bildirir, Ses qazeti portalına istinadən.
Elçin Bayramlı
Son dövlərdə cəmiyyətdə dəhşətli ailə faciələri və məişət zəminində törədilən cinayətlər artmaqdadır. Bu hadisələrin bəziləri ən adi səbəbdən, bəziləri isə çox ciddi səbəblərdən baş verir. Bəs bu cür cinayət hallarının artmasına səbəb nədir?
İnsanlar arasında psixoloji gərginliyin, stressin və əsəbiliyin yüksəlməsi bu tendensiyanın həm məişət zəminində baş verən hadisələrdə, həm də ictimai yerlərdəki münasibətlərdə özünü göstərir. Belə vəziyyətin formalaşmasında bir sıra amillər rol oynayır və bu, təkcə yerli deyil, qlobal miqyasda müşahidə olunan yeni dövrün reallığıdır. Mövcud durumun əsas səbəblərindən biri mənəvi deqradasiyadır. Mənəvi dəyərlərin arxa plana keçməsi, stressin, psixoloji problemlərin və psixi xəstəliklərin artması cəmiyyətdə münasibətlərin gərginləşməsinə ciddi təsir edir. Uşaq tərbiyəsindən başlayaraq bir çox sahədə müşahidə olunan geriləmə də bu prosesin tərkib hissəsidir.
Eyni zamanda insanlar arasında münasibətlərin getdikcə mənəvi prinsiplər üzərində deyil, maddi maraqlar üzərində qurulması ailədaxili, dostluq və sosial əlaqələrdə müəyyən problemlər yaradır. Bu hallar bəzən əmlak münaqişələri, qarşılıqlı anlaşılmazlıq və şəxsi maraqların üstün tutulması səbəbindən ağır faciələrlə nəticələnir.
Ailə münaqişələrinin əsas hissəsi mənəvi-əxlaqi səbəblərlə bağlıdır. Əxlaqsızlıq hallarının artması, ailə dəyərlərinin zəifləməsi və bu zəmində baş verən namus cinayətləri ümumi vəziyyəti daha da ağırlaşdırır. Nəticə etibarilə, bu proseslər həm kriminal vəziyyətin pisləşməsinə, həm də sosial münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır. Ailə daxilində, dostlar arasında, iş mühitində və hətta gündəlik məişət münasibətlərində adi anlaşılmazlıqların belə ağır nəticələr doğurduğu hallara tez-tez rast gəlinir.
Bu baxımdan cəmiyyətin sağlamlaşdırılması məqsədilə sistemli və məqsədyönlü iş aparılmalıdır. Mənəvi dəyərlər uşaqlıqdan təbliğ olunmalı, milli-mədəni irsimiz qorunmalı və təbliğ edilməlidir. İnsanlara həyatın yalnız maddi ölçülərlə qiymətləndirilməməsi, insani və ailə münasibətlərinin milli dəyərlər üzərində qurulmasının vacibliyi aşılanmalıdır.
Son illər “müasirlik” və “azadlıq” adı altında ailə modeli və uşaq tərbiyəsində aparılan köklü dəyişikliklər mənfi nəticələrə səbəb olub. Cəmiyyətdə sosial münasibətlər elə qurulmalıdır ki, insanlar daimi stress və hüquq pozuntuları ilə üzləşməsin. İş və sosial mühitdə gərginliyin azaldılması, əxlaqsızlığın və mənəviyyatsızlığın yayılmasının qarşısının alınması sağlam münasibətlərin formalaşmasına şərait yaradar. Bütün bu amillər birgə şəkildə cəmiyyətin mənəvi və psixoloji baxımdan sağlam olmasını təmin edən əsas faktorlardır. Əgər bu sahələrdə deqradasiya davam edərsə, onun təsirləri sosial həyatda, kriminal vəziyyətdə və psixi problemlərin artmasında daha qabarıq şəkildə özünü göstərəcək. Buna görə də həm milli-mənəvi, həm də sosial müstəvidə sağlam cəmiyyətin formalaşdırılması üçün ardıcıl, məqsədyönlü dövlət siyasəti siyasət həyata keçirilməlidir. Cəmiyyətin bütün institutları və media da bu işə dəstək verməlidir.
Sağlam gələcək bu gündən başlayır. Bu gün cəmiyyətimizi sağlam qurmalıyıq ki, gələcəyimiz əmin olsun. Sağlam cəmiyyət isə sağlam ailədən, tərbiyəli uşaqlardan başlayır. Azərbaycan milli-mənəvi dəyərlər sistemi tarix boyu möhkəm bir baza üzərində möhtəşəm bir mədəniyyət formalaşdırıb. Onu qorumalı və gələcəyə ötürməliyik. Bu bizim ən ümdə vəzifəmizdir.
Qloballaşma erasında milli mədəniyyətlərin, mənvi dəyərlərə təzyiqlər artıb, sözün əsl mənasında müharibə gedir. Bu müharibədə milli kimliyimizi itirməyə və uduzmağa haqqımız yoxdur, tam əksinə, bu döyüşdə qalib gəlməyə məhkumuq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.