RU

Avropada sərt miqrasiya siyasəti fonunda İspaniya 500 min miqrantı leqallaşdırır

BAKI,TurkicWorld, Orxan Qədirzadə

İspaniya hökuməti qeyri-qanuni miqrantların leqallaşdırılması ilə bağlı Avropada fərqlənən qərar qəbul edib.

TurkicWorld xəbər verir ki, Avropanın bir sıra ölkələrində və ABŞ-də miqrasiya siyasətinin sərtləşdirildiyi bir vaxtda İspaniya hökuməti təxminən 500 min sənədsiz miqrantın hüquqi status almasını nəzərdə tutan proqramı həyata keçirməyə hazırlaşır. Qərar ölkədə “kölgə iqtisadiyyatı”nda çalışan on minlərlə miqrant üçün yeni imkanlar yaradacaq.

İspaniyanın miqrasiya naziri Elma Saiz bildirib ki, leqallaşdırma proqramından yararlanan şəxslər ölkənin istənilən bölgəsində və istənilən sahədə rəsmi işləmək hüququ əldə edəcəklər. Onun sözlərinə görə, bu addım miqrasiyanın iqtisadi və sosial baxımdan müsbət təsirini nümayiş etdirir və artıq ölkədə yaşayan insanlara ləyaqətin qaytarılması məqsədi daşıyır.

Baş nazir Pedro Sançes isə vurğulayıb ki, miqrant axını İspaniya üçün əmək bazarındakı boşluqların doldurulması və əhalinin qocalması fonunda pensiya və sosial təminat sisteminin qorunması baxımından vacibdir.

Qeyri-hökumət təşkilatları da bu qərarı müsbət qiymətləndirir. Sənədsiz Miqrantlar Platformasının nümayəndəsi Lætisiya Van der Vennet bildirib ki, bu addım Avropa və ABŞ-də güclənən anti-miqrant dalğası fonunda humanist və rasional yanaşmanın nümunəsidir.

Proqram İspaniyada ən azı beş ay yaşayan və 2025-ci il dekabrın 31-dək beynəlxalq müdafiə üçün müraciət etmiş şəxsləri əhatə edəcək. Leqallaşdırma həmçinin artıq ölkədə yaşayan uşaqlara da şamil olunacaq. Müraciətlərin qəbulu aprel–iyun aylarında həyata keçiriləcək.

Hökumət bu qərarı parlament təsdiqi olmadan, fərmanla qəbul edib. Müxalifətdə olan Xalq Partiyası və ifrat sağçı Vox bu addımı tənqid edərək, miqrant axınının sosial sistemə əlavə yük yaradacağını iddia edir.

Rəsmi statistikaya görə, ötən il İspaniyaya qeyri-qanuni miqrasiya 40 faizdən çox azalıb. Buna səbəb kimi Mərakeş və Qərbi Afrika ölkələri ilə təhlükəsizlik və əməkdaşlıq üzrə əldə olunan razılaşmalar göstərilir.

Избранный
20
turkic.world

1Источники